AZADLIQ MƏLƏYİNİN QANADI ALTINDA

Ahmet Ağaoğlu 1869–1939 (Sarbon Universiteti )

On beş gündən sonra pirlər gəldilər və:  “hazırsanmı?” – deyə məndən soruşdular.

Son qərarını vermiş bir adam kimi: “hazıram!” – dedim.

– Elə isə səni and içməyə aparacağıq.

Pirlər məni bir evə apardılar. Evin qapısını açıb dəhlizə girdiyimiz zaman zülmət qaranlığa düşdük. Yaxşı ki, əllərində məşəl tutmuş ağappaq geyimli iki adam bizi dərhal qarşılayıb, yol göstərdi. Uzun və əyri-üyrü dolanbac dəhlizdən keçərək otağa daxil olduq. Çox qəribə otaq idi. Otağın tam ortasından asılmış çilçıraqdan saçılan işıq ətrafı görməyə imkan verirdi. Bir bucaqda mələk şəklində bir qız heykəli vardı.  Üzbəüzdə bir insan skeletinin sür-sümüyü ağarırdı. Qıraqdakı divanın üstündə isə yeddi qoca əyləşmişdi.

Bizi görən kimi qocalar ayağa qalxıb salamlaşdılar. Onlardan biri mənə üz tutub dedi:

– Ey azad olmaq istəyən insan oğlu! Yaxşı düşündünmü? Qəti qərara gəldinmi?

– Düşündüm və qəti qərarımı verdim!

– Ancaq bunu bilməlisən ki, içəcəyin and həm müqəddəsdir, həm də sehrli! O andı bu gördüyün mələk qoruyub saxlayır! Bax, bu mələk insanı hər an və hər yerdə izləyir. Dönüklərə qənim olur, üzlərinə qara damğa vurur və adlarını əbədi qarğışlara bağlayır. Bax tarixə: neçə-neçə adamın taleyindən dərs al. Bu zavallılar elə bilmişdilər ki, azadlıq aldanmağa, biçiminin pozulmasına, qanundan olar sui-istifadə edilməsinə, ona verilən sözün tutulmamasına dözəcək. Amma çox nahaq! Bu mələk onları izləyirdi, heç bir dəqiqə də gözdən qoymurdu. Və zamanı çatınca, hamısının cəzasını verdi. Həmin cəzadan sonra yolunu azanların özü bir yana qalsın, adları da xalq arasında lənət və nifrətlə yad edildi.

İndi səni xəbərdar edirik: Özünə güvənmirsənsə, ürəyində xırdaca bir çaşqınlıq varsa, bu yoldan vaz keç, aldanıb-aldatmağa çalışma! Azadlıq şərəf verir, mənlik gətirir. Sayqı göstərir, əliaçıqlıq edir, ancaq aldandığını duyduğu dəqiqə bütün bunları geri götürərək vurulan ziyanın intiqamını, doğrulmayan yaxşılığın cəzasını yubatmır.

O diş ağardan sür-sümük yığınını görürsənmi? Hamımızın sonu budur! Həyat nə o şərəf və sayqıya dəyər, nə də bu əvəz və qarşılığa. Yenə təkrar edirəm: Nə qədər ki, vaxtın var, bir daha düşünüb qərarını ver!

– Qərarım qətidir!

– Elə isə, sağ əlini bu mələyin başına qoy və bizim söylədiklərimizi ucadan təkrar et:

“Azadlığa sadiq qalacağıma and içirəm!”;

“Sərbəst İnsanlar Ölkəsi Qanununun bütün maddələrinə nöqtəbənöqtə əməl edəcəyimə and içirəm!”;

“Olduğum hər yerdə Azadlığı yayacağıma və Qanunun maddələrini misal gətirəcəyimə and içirəm!”;

“Azadlığı və Sərbəst İnsanlar Ölkəsinin Qanununu qorumaq üçün lazım gələrsə, öz xeyrimdən əl çəkməyə and içirəm!”;

“Bu andlarımı pozsam, Azadlıq Mələyi mənim cəzamı versin!”.

Daha sonra pirlərdən biri mənə imza vərəqəsi verdi. Orada andın mətni yazılmışdı. Vərəqəni imzaladım. Pirlər növbələşib tək-tək yanıma gəldilər, məni qucaqlayıb alnımdan öpdülər və təbrik edərək uğur dilədilər.

Az sonra məni gətirən üç pirlə bərabər and yerini tərk etdik.

İndən belə Sərbəst İnsanlar Ölkəsinin vətəndaşı sayılacaqdım. Duyduğum sevinci söyləməyə acizəm. Bütün həyatım boyu bu qədər dərin bir razılıq yaşamamışdım. Özümdə o vaxtadək duymadığım bir təzəlik, bir güc püskürtüsü hiss edirdim. Mənim gözlərimdə yer, göy, hər şey rəngini və mahiyyətini dəyişmişdi. Hər şeydə yeni bir gözəllik görürdüm. Hər şey məni yaşamağa səsləyirdi.

Anladım ki, bütün varlığımla Azadlıq Mələyinə vurulmuşam!!!

İstinad:

“Sərbəst İnsanlar Ölkəsində” əsərindən, Ahmet Ağaoğlu, Azərbaycan türkcəsinə çevirənlər: Sevda İsmayılova, Zeynal Məmmədli , TUTU Nəşriyyatı, Bakı, 2001-ci il

mm
Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.
Sosial Media da Paylaşaq