Azad informasiya məkanı

Rza Kazımov (Hamburq Universiteti)

“Allah insanları yaratdı, Samuel Kolt isə insanları bərabər etdi”

İroniya ilə deyilən bu məşhur tarixi ifadənin arxasında möhkəm bir məntiq durur. Cənab Kolt məşhur revolver silahını ixtira edən və silah istehsalı ilə məşğul olan XX əsrin əvvəllərində yaşamış amerikanlı silah mütəxəsisi idi. Silahı ixtira etməklə o insanlar arasında olan fiziki üstünlükləri aradan götürmüş oldu. Müasir dünyanın Samuel Koltu isə cənab Tim Berners Li – dir.

“Allah insanları yaratdı, cənab Berners isə insanları bərabər etdi”

Cənab Berners informasiyanın azad hərəkətini təmin edən w.w.w. müstəvisini ixtira edən alimdir. Dünya çapında şəbəkə heç bir maneə olmadan sərhədsiz virtual məkanda istənilən infromasiyanın hərəkətini mümkün edir. Təbii olaraq, w.w.w. öz texnoloji çərçivəsindən çıxaraq demokratiya prinsiplərində öz əksini tapmağa başladı. Bu yeni virtual mühitdə informasiya azadlığı və informasiyaya bərabər hüquqlu çıxış şərtsiz olaraq mümkün oldu. Dinindən, irqindən, sosial və iqtisadi statusundan asılı olmayaraq hər kəsin yeni virtual məkana çıxışı oldu. Beləliklə, informasiyanın siyasi monopoliyası diffuziyaya uğradı. Bu diffuziya özü ilə siyasi gücün parçalanmasına gətirib çıxardı.

Informasiyanın ictimailləşməsi gözlənilmədən hakimiyyətdə olan siyasi qruplara nəzarət alətinə çevrildi. Bəzi ölkələrdə siyasi qruplar ictimai inamı qazanmaq üçün internet üzərindən şəffaflıq kompaniyaları başlatdı. Yunanıstan mövcud böhrandan çıxış yolunu məhz şəffaflığın mütləq mənada internet vasitəsilə əhaliyə çatdırmaqda görürdü. Qarşılıqlı inamın yaradılmasında bu kimi tədbirlər Böyük Britaniyada, Finlandiyada və digər demokratik cəmiyyətlərdə həyata keçirilməyə başlandı.

“Hər kəsin informasiyaya çıxış hüququ olmalıdır” – XXI əsrin əsas şüarına çevrilməkdədir. Demokratiyanın ana prinsipi olan söz azadlığı səviyyəsinə qədər yüksələn informasiyaya bərabərhüquqlu çıxış hüququ artıq etik münasibətdir. İnsan hüquqları sırasına daxil olan bu yeni hüquq artıq hər bir hökumət tərəfindən nəzərə alınmalı olan məfhumdur.

Digər tərəfdən iqtisadi inkişaf məlumdur ki, azad bazar iqtisadiyyatına əsaslanır. Klassik olaraq azad bazar iqtisadiyyatını təşkil edən elementlərin toplusu ümumi “equilibrium”-u əmələ gətirirdi. İnformasiyaya bərabərhüquqlu çıxış artıq “equilibrium” – a daxil olan yeni elementdir. Bu element olmadan şirkətlər rəqabət apara bilməz və regional, qlobal səviyyədə fəaliyyət göstərə bilməzlər. Bundan əlavə açıq informasiya məkanı özü ilə yeni əvəzsiz gəlir mənbəyi açmış olur. Statistik göstəricələrə əsasən virtual məkanda dövr edən şərti kapitalın miqdarı 2015 – ci ildə bir trilyon dollara çatacaq ki, bunun təsəvvür edilməsi hətta çətindir.

İqtisadiyyatını inkişaf etdirmək istəyən ölkə informasiya məkanın inkişafına şübhəsiz cəhd etməlidir. “Hobson dilleması” qarşısında qalmış qeyri demokratik ölkələr istəmədən də informasiya məkanını inkişaf etməklə özlərinə qarşı çevrilmiş nəzarət sistemini yaratmış olurlar. Siyasət, iqtisadiyyat və şəffaflıq məngənəsindən yeganə çıxış yolu azad, demokratik prinsipləri təmin etməkdir.

Sözsüz informasiyaya azad çıxış özü ilə birbaşa demokratik prinsipləri gətirməyəcək. Ilk növbədə informasiyaya bərabərhüquqlu çıxış gücün parçalanması və yeni institutların yaranması üçün əlverişli mühit formalaşdıracaq. Daha sonra isə demokratik prinsiplər müntəzəm olaraq bərqərar olmağa başlayacaq.

Tarixin bu sistemli gedişinin qarşısını heç kim ala bilməz, yalnız onu ləngitmək olar.

Rza Kazımov (Hamburq Universiteti)

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

mm
Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.
Sosial Media da Paylaşaq

Leave a Reply

Your email address will not be published.