Azərbaycanda toy – xalqı qarət mexanizmi kimi


Foto: Zaman.az

Söhbətlərimizin birində marksist dostlarımdan biri Azərbaycanda əsas problemin heç də istismar yox, məhrumetmə yolu ilə kapital yığımı olduğunu demişdi. Həqiqətən də Azərbaycanda hakim zümrənin iqtisadi siyasətinə baxsaq – dövlət büdcəsinin talanından taksi sürücülərindən yığılan qeyri-rəsmi rüsumlara kimi – bunun çox böyük həqiqət olduğunu görərik. Bu gün Azərbaycanda keçirilən təmtəraqlı, təmtəraqsız toylar da əslində bu qarətin mexanizmlərindən biridir.

Devid Harvinin ortaya atdığı “məhrumetmə yolu ilə kapital yığımı” (accumulation by dispossession) anlayışı çox mürəkkəb, qəliz bir konsepsiyadır, bunu bir savadlı marksist daha yaxşı izah edə bilər. Mən marksist olmadığım üçün dərinə gedə bilməyəcəm, sadəcə vulqar bir ümumiləşdirmə apara bilərəm.

Məhrumetmə yolu ilə kapital yığımı – dövlətin, hakim zümrənin, kapitalistlərin, burjuaziyanın heç bir dəyər yaratmadan, heç bir istehsal prosesi olmadan hazır dəyəri mənimsəmək, xalqa, ictimaiyyətə məxsus əmlak və sərvəti özünküləşdirməklə əldə etdiyi zənginlikdir. Sadə misal çəksək, məsələn, ictimai (dövlət) əmlakının özəlləşdirilməsi. Qısacası, bu konsepsiya Marksın “ilkin kapital yığımı” (orijinalı daha dəqiqdir – primitiv kapital yığımı) konsepsiyasının daha təkmil variantıdır.

Azərbaycan da klassik bir “icarədar” dövlət kimi (rentier state) – daha doğrusu Azərbaycandakı hakim zümrə – əsasən heç bir dəyər yaratmadan, istehsal prosesi təşkil etmədən xalqa və ictimaiyyətə məxsus sərvəti talan etməklə məşğuldur. 90-cı illərdə baş tutmuş özəlləşdirmə, hal-hazırda neft gəlirlərinin sağa-sola xərclənməsi və oğurlanması, büdcənin talanı, ölkədə iqtisadi azadlıqları boğmaqla məmur-oliqarx inhisarlarının bütün biznes sferasını əllərinə alması, gəlir gətirən və gətirməyən bütün sahələrdən yığılan rüşvət – bunlar hamısı deyilənə bariz nümunələrdir.

Hətta insan həyatının ayrılmaz hissəsi olan toy mərasimləri də Azərbaycanda xalqı qarət mexanizmlərindən birinə çevrilib. Mən iddia etmirəm ki, bu, düşünülmüş strategiyadır. Sadəcə indiki hakimiyyətin mahiyyəti bu institutun da eybəcər transformasiyasına nail ola bilib.

Bəs toylar “məhrumetmə yolu ilə kapital yığımında” necə iştirak edirlər?

Təxminən 20-30 il bundan öncə Azərbaycan toylarına nəzər salsaq onların nə qədər sadə və funksional olduğunu görərdik. O zaman toylar çox ucuz başa gələn çadırlarda keçirilərdi. Müğənni və musiqiçilərin xərci indiki kimi yüksək olmazdı. Bakı toylarında məsələn iki cür yemək verərdilər – ya aş, ya da bozbaş. Toylarda yığılan pulun böyük hissəsi bəy və gəlinin ailəsinə gedərdi.

İndi isə ölkədə böyük bir toy industriyası var. Şadlıq evlərinin sayı-hesabı yoxdur və onların minlərlə ofisiant, aşbaz və sair işçiləri var. Müğənnilərin və musiqiçilərin qiyməti ağlasığmazdır. Məsələn, Faiq Ağayev bütün toya 14,000 AZN, Röya isə yarım saat oxumağa 5,000 AZN qonorar alır. Ən ucuz və keyfiyyətsiz restoranlarda standart stulun qiyməti (“adambaşına”) 30-40 AZN-dən başlayır. Hələ bunun limuzini, gəlin paltarı və sair xərcləri də var. Nəticədə toy sahibi çox böyük miqdarda xərc çəkməli olur ki, bunun da mütləq əksəriyyəti restoran sahiblərinə gedir. Əksər restoranları isə populyar dedi-qodular gətirib məmurlara bağlayır.

Əslində toyun xərcini heç toy sahibi də çəkmir – toyun qonaqları çəkir. Çünki qonaqların “toya saldığı pul” – nəzəriyyədə bəy və gəlinə getməli olan hədiyyə – toyların böyük əksəriyyətində ancaq xərcləri ödəməyə yetir. Bu gün toylara salınan standart pul təxminən 50-100 manatdır. Çox zaman qonağın toya saldığı orta statistik pul elə stulun qiyməti ilə başa-baş gəlir. Elə bil ki, siz bir restorana gedirsiniz, çox keyfiyyətsiz bir yemək yeyirsiniz və bunun müqabilində böyük bir hesab ödəyib gəlirsiniz. Sizin o toya getməyinizdən əksər hallarda bəy və gəlinə ancaq bir xeyir gəlir – sizin o toyda fiziki iştirakınız.

Azərbaycanda toylar əslində toy sahibindən daha çox qonaqların üzərində ağır bir yükdür. Təsəvvür edin ki, aylıq məvacibi 400-500 AZN olan bir şəxs toy mövsümünün qızğın çağında bir ay ərzində toylara 500-1000 AZN pul salmalı olur. Hələ ölkədə bu miqdardan qat-qat az maaş alan xeyli insan var və bir ay ərzində toy dəvətləri bundan da çox ola bilir. Bir sözlə, Azərbaycan insanının əlindəki bütün sərbəst vəsaitlər tamamilə toylara xərclənir. Bəs bu vəsaitlər kimin əlinə gedir? Ölkədəki nəhəng toy industriyasının arxasında dayandığı ehtimal edilən məmur-oliqarxlara. Yəni hakim zümrəyə.

Beləliklə, ümumiləşdirsək,

– Azərbaycanda toylar əhalinin əlində olan sərbəst vəsaitlərin tamamilə talanmasının mexanizmlərindən birinə çevrilib. Hakim zümrə büdcə vəsaitlərini talamaqla yetinmir, hətta vətəndaşların birbaşa cibinə girib oradakı pullara da əl qoyur.

– Vətəndaşlar toylara xərclədiyi, yəni hakim zümrənin oğurladığı pulları daha yaxşı məqsədlərə sərf edə bilərdilər – öz rifah, səhiyyə, təhsil məsələlərini yaxşılaşdıra, həyat şəraitlərini qaldıra bilərdilər. Amma bu vəsaitlər toy industriyasının caynağına keçir. Nəticədə varlılar daha da varlanır, kasıblar daha da kasıblaşır.

– Çox zaman bir ay ərzində toylara salınan pullar aylıq məvacibləri qat-qat üstələdiyindən vətəndaşları əlavə gəlir mənbələri axtarmağa, bəzən qeyri-qanuni gəlir yollarına baş vurmağa sövq edir. Nəticədə insanlar daha çox işləyir, istismar olunur, ya da cinayətlərə şərik olur, amma bu, onların maddi durumunda keyfiyyət və kəmiyyət dəyişikliyinə gətirib çıxarmır. “Pullar ancaq toylara gedir.”

Yaxşı bəs onda çıxış yolu nədir? Əbədi aktual sual – nə etməli?

Vəziyyətdən məncə üç əsas çıxış yolu var.

Ən sadəsi – təmtəraqlı toy etməmək, ümumiyyətlə toy etməmək. Sadəcə xudmani qonaqlıq.

İkinci yol, müasir gürcü gəncləri arasında artıq yayılmağa başlamış təcrübə – yeni toy formatları yaratmaq. Pablarda, klublarda, açıq səma altında dostlar və yaxınlar üçün səmimi və sadə toylar təşkil etmək.

Və nəhayət üçüncüsü – köhnə formata qayıtmaq, yəni “palatka toylarına”.

Amma toy bu gün Azərbaycanda vacib institutdan əlavə, həm də nəhəng monstra, əjdahaya çevrilib. Hər kəs – hətta gecə-gündüz Facebook’da mentaliteti asıb-kəsən gənc fəallar da bu əjdahanın qarşısında sınırlar. Ona görə də düşünməliyik. Biz indiki formatda toylara etiraz edə bilərikmi? Ən yaxın dostumuzun toyuna dəvətdən imtina edə bilərikmi? Ailənin təzyiqi qarşısında davam gətirib alternativ toy edə bilərikmi?

Düşünməliyik, çünki belə davam edə bilməz.

mm
Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.
Sosial Media da Paylaşaq