Azərbaycan və Qırğızıstan: fərq varmı?

İki ölkənin maliyyə sektoru

Toğrul Maşallı

Hər hansı ölkədə inkişafı və ya tərəqqini təsvir etmək üçün müqayisə etmək lazımdır. Eyni zamanda iki ölkəni müqayisə edərkən, onların inkişafına təsir göstərmiş amilləri nəzərə almaq da mühüm məsələlərdən biri hesab olunur. Çünki müqayisə və təhlil zamanı iqtisadiyyatın bazisi vacib rol oynayır. Belə demək olarsa, iqtisadiyyatın ilkin, ibtidai dövründə təsir edən əsas amillər onun gələcək inkişaf kursunu da bu və ya digər dərəcədə müəyyən etmiş olur.

Bu amillər ya bərabər ya da müqayisə edilə bilən səviyyədə olmalıdırlar. Misal üçün, əgər biz Fransanı Azərbaycan ilə müqayisə etsək, “heyranedici” rəqəmlərdən başqa heç nə almayacayıq. Onlar isə mahiyyətcə  heç nəyi göstərməyəcəklər. Buna görə, bu nöqteyi nəzərdən biz iqtisadi inkişaf tarixi eyni olan ölkələri tutuşdurmalıyıq. Azərbaycan üçün elə dövlətlərdən biri Qırğızıstandır.

Baxmayaraq ki, XIX və ХХ əsrlərdə bu ölkələrin tarixi tamamilə müxtəlif idi, ХХ əsrin sonunda bu dövlətlər demək olar ki, eyni səviyyəyə çatdılar. Bunun səbəbi isə hər iki ölkənin dağ-mədən, maşınqayırma sənayelərinin bünövrələrinin məhz XX əsrin ortalarında qoyulmasıdır. Əlbəttə, iki ölkə müxtəlif təbiətə, ətraf mühitə malikdirlər, lakin iqtisadiyyatda fərqləri cüzi idi və onların mahiyyəti yalnız əsası qoyulmuş ənənələrlə bağlı idi: Azərbaycanın əsas sənaye ənənəsi neft, Qırğızıstanın isə dağ-mədəndir.

90-ci illərdə, SSRİ-nin süqutuna baxmayaraq, iki ölkə tamamilə eyni səviyyəyə çatdılar. Bu məqamın baş verməsində əsas rolu iqtisadi münasibətlərin və vahid ölkənin süqutu oynadı. İki ölkə ilkin mərhələyə qayıtdılar. Bu andan iki ölkəni müqayisə etməyə imkan verən inkişaf dövrü başlamış oldu.

İndiki dövrdə Azərbaycanda daima qeyri-neft sektorunun inkişafından danışmağı çox xoşlayırlar. Bununla belə qeyri-neft sektorunun inkişafı kimi neftin satış göstəricilərinin artmasını göstərirlər. Amma Qırğızıstanda tamamilə başqa taktika seçiblər. Bunun səbəbinin daima keçirilən inqilabların olub olmamasını dəqiq deyə bilmərik, amma orada səmimiyyətlə etiraf ediblər ki, “iqtisadiyyat tamamilə xidmət sektorundan ibarətdir”.

Bu ifadəni onlar  iqtisadiyyatın 43%-ni ticarətin təşkil etməsinə görə deyiblər və məhz buna görə dövlətlər arasında müəyyən fərqlər var. Çünki bizdə ticarət demək olar ki, eyni səviyyədədir, amma “xidmət iqtisadiyyatının” olmasını etiraf edən yoxdur, əksinə daima sənaye haqqında dananlar var.

Ümumiyyətlə, belə bir səmimiyyəti Azərbaycanda təsəvvür etmək çətindir. Belə ki, əgər “neft” əsaslı iqtisadiyyat təsdiq edirlərsə, adətən bunu müəyyən qeydlər ilə edirlər. Bu yaxınlarda elan ediblər ki, “qeyri-neft” sektoru iqtisadiyyatın 60 faizini təşkil edir. Amma qeyri-neft sektoru nədən ibarətdir və bu göstəricilər nəyə aiddir, bunları demək çətindir.

Neft gəlirlərinə baxmayaraq, Azərbaycan əhalisinin 5-6 faizini çıxmaqla, qalan hissəsi yalnız xaricdən gələn daxilolmalar hesabına yaşayır. Qırğızıstan da eynən, hər il xaricdən ölkəyə 3,5 mlrd. dollar daxil olur. Azərbaycandan mühacirlərin sayını nəzərə alsaq, bu rəqəm bundan da yuxarı olacaq.

İki iqtisadiyyatı yaxınlaşdıran başqa amillərdən biri, hər iki iqtisadiyyatın tranzit xarakterli olmasıdır. Qırğızıstan, Qazaxıstana və Rusiyaya göndərilən mallar üçün yük daşıma məntəqəsi rolu oynayır.

Bu rolu Azərbaycana da aid etmək olar. Məlumdur ki, Rusiyaya Braziliyadan qənd, Türkiyədən kartof və başqa tipli məmulatlar (hətta Kosta-Rikadan olan bananlar belə) Azərbaycan vasitəsi ilə gətirilir. Azərbaycan əhalisinin müəyyən bir hissəsi ticarət və bir ölkədən başqa ölkəyə tranzitlə məşğuldur.

İki ölkənin maliyyə sektoru demək olar ki eyni səviyyədədir. Belə ki, əgər Qırğızıstanda iqtisadiyyatın 5-7 %-i maliyyə sahəsinə aiddirsə, Azərbaycan iqtisadiyyatının da elə eyni payı maliyyə sahəsinə aiddir. Adətən neft mərkəzləri tez-tez maliyyə vəsaitləri akkumulyasiya edən mərkəzlərə çevrilir, Azərbaycan indiki dövrdə belə bir mərkəz deyil.

Bankların iqtisadiyyatda rolu labüd səviyyədə deyil və onlar faktiki olaraq iqtisadiyyatda məcburən yaradılmış bölüm kimi mövcuddurlar. Baxmayaraq ki, istehlakçılara nisbətdə onların rolu artır, amma ümumi iqtisadiyyatda bu nisbət çox zəif əks etdirilir.

İki ölkə arasında əhəmiyyətli fərq özəlləşdirmə siyasətindədir. Belə ki, Qırğızıstan müstəqilliyinin birinci günündən bütün iri müəssisələri özəlləşdirməyə başladı. Nəticə acınacaqlı idi. İndi demək olar ki, onlardan heç biri işləmir. Bu mənada Azərbaycan daha “müdrik” yanaşaraq, heç bir iri müəssisəni özəlləşdirmədi. Azərbaycanda həyata keçirilən səylərin böyük hissəsi isə müəyyən qədər teatra oyununa bənzəyirdi; nə qədər təəcüblü olmasa da, nəticə hər iki halda eyni oldu – müəssislərin bir çoxu hazırda ya işləmir, ya da ümumiyyətlə dağılıb. Hər hansı alternativdən isə heç söhbət də gedə bilməz.

Nəticədə, biz deyə bilərik ki, Azərbaycan və Qırğızıstan ümumi göstəricilərə görə demək olar ki, eyni mövqeydədirlər. Əlbəttə ki, orada bu qədər ağ lay və mərmər ilə örtülmüş evlər, ya da bu qədər neft gəliri yoxdur. Amma bu yalnız yeganə mühüm fərqdir. Neft gəliri bizdə olmasaydı, biz elə eyni vəziyyətdə olacaq idik.

Əlavə olaraq, vurğulamaq lazımdır ki, Qırğızıstanda bu vəziyyətin çözümü haqqında artıq fikirləşməyə başlayıblar. Çünki başa düşüblər ki, reeksport, yəni yenidən ixrac siyasəti artıq bu yaxınlardan etibarən gəlir gətirməyəcək. Azərbaycan demək olar ki, bu günə kimi hətta benzinin yenidən ixracatı ilə məşğul idi və bizim qabağımızda da eyni məsələ yaranmış oldu. Buna görə iqtisadiyyatın əsasları haqqında ciddi olaraq fikirləşməli  və təəsüratdan başqa nəsə istehsal edilməlidir. Azərbaycan isə hələ yalnız təəsürat bağışlayır.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.

Sosial Media da Paylaşaq