Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında legitimlik problemi

Murad Nəsibbəyli

Demokratiyanın əsas prinsipləri bundan ibarətdir ki, insanları onların seçdikləri nümayəndələr təmsil edir, həmin təmsilçilər təmsil etdikləri insanlar qarşısında cavabdehdirlər və həmin insanların öz seçdikəri təmsilçilər üzərində nəzarətini təmin edən mexanizm mövcuddur. Bu yazıda qısaca olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasında bu prinsiplərə nə dərəcə əməl olunduğu erməni icması ilə müqayisədə qiymətləndirilib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması 1992-ci il martın 24-də ATƏM-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi) Nazirlər Şurasının Helsinkidə keçirilən görüşündə yaradılmış və bu icmaya ATƏT-in Minsk qrupu təsis edilərkən münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda Dağlıq Qarabağın erməni icması ilə yanaşı maraqlı tərəf kimi mandat verilmişdir. O zamandan bəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması da danışıqlarda iştirak etmişdir. 1992-ci ildən 2008-ci ilə qədər icmaya rəhbərliyi Nizami Bəhmənov həyata keçirmiş, icmanın strukturu seçki əsasıda deyil, Prezident Administrasiyası tərəfindən təyinat ilə təşkil olunmuşdur. 2006-cı ilə qədər isə icmanın statusu naməlum olaraq qalmış, yalnız 2006-cı ildə icma qeyri-hökümət təşkilatı forması olan ictimai birlik kimi Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. Bir qayda olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması adlı quruma Şuşa Rayon İcra hakimiyyətinin başçısı rəhbərlik etmişdir. 1992-2008-ci illərdə yuxarıda qeyd edildiyi kimi Nizami Bəhmənov həm icmanın rəhbəri və həm də Şuşa Rayon İcra hakimiyətinin başçısı olmuşdur. Hal-hazırda da Şuşa Rayon İcra hakimiyyətinin başçısı Bayram Səfərov həm də İcmanın rəhbəri funksiyasını yerinə yetirir.

Bəs problem nədədir?

Birincisi, 1992-ci ildən bəri Dağlıq Qarabağın azərbaycanlı icmasını seçilmiş, yəni legitim olan deyil, təyin olunan təmsil edir. Buradan legitimlik problemi meydana çıxır. İkincisi, İcma rəhbərinin həm də rayon icra hakimiyyətinin başçısı olması legitimlik problemini daha da böyüdür. Digər bir problem icmanın 1992-2006-cı illərdə statusunun qeyri-müəyyən olmasıdır. 2006-cı ildə bu problemə düşünülmüş “həll yolu” legitimlik problemini daha bir yuxarı müstəviyə daşıyır. Belə ki, qeyri-hökümət təşkilatı forması olan ictimai birlik statusunu alan İcma (yəni bir QHT) Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil etməyə başlayır. Qeyri-hökümət təşkilatının nə zamandan əraziyə bağlı bir qrup insanı təmsil etmək səlahiyyəti vardır?

İnsanları yalnız onları seçdiyi nümayəndələr təmsil edə bilər. Nə icra strukturları tərəfindən təyin olunan birisinin, nə də ki, qeyri-hökümət təşkilatının sədrinin insanları təmsil etməyə səlahiyyətləri vardır. Onlar yalnız insanların hüquqlarını müdafiə etmək üçün çalışa bilərlər, insanların adından danışa bilməzlər. Bu baxımdan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin keçmiş Dağlıq Qarabağ muxtar vilayətində yaşamış və hazırda da məcburi köçkün statusu ilə Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan insanları təmsil etməyə səlahiyyəti çatmır, legitim deyildir. Həmin insanların bu qurum üzərində təsir etmək mexanizmləri mövcud deyildir.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından fərqli olaraq Dağlıq Qarabağın erməni icması adlandırdığımız tanınmamış qondarma Dağlıq Qarabağ Respublikası isə ən azı formal olaraq demokratiyanın yuxarıda sadaladığımız kriteriyalarına cavab verir. Prezident Respublikası formasına sahibdir. Parlamenti vardır və insanlar öz təmsilçilərini seçir və bu təmsilçilər üzərində təsir göstərə biləcək mexanizmlər mövcuddur. Ən azı formal olaraq bütün bunlar mövcuddur. Bizdə isə kağız üzərində belə legitimlik problemi var.

Legitimlik problemini necə aradan qaldırmaq olar?

(Məqalə dərc olunandan sonra 30 Noyabr tarixində aşağıdakı hissə əlavə olunmuşdur. Bu əlavə məqaləni oxuyan çox sayda insanın letimlik probleminə necə bir həll yollu olduğunu sual etmələri ilə bağlıdır. Məqalənin isə yuxarıdakı hissəsinə heç bir dəyişiklik edilməmişdir)
Legitimlik probleminin aradan qaldırılmasının yeganə yolu Dağlıq Qarabağın icmasının Dağlıq Qarabağ Azərbaycanlılarının seçdiyi nümayəndələr tərəfindən təmsil olunmasından keçir. Bunun üçün Dağlıq Qarabağ icmasında ayrıca seçkilərin təşkil olunması hüquqi cəhətdən mümkün deyildir, Azərbaycan Respublikasının konstitusiyası buna icazə vermir. Səbəb isə budur ki, 1991-ci ilnoyabrın 26-da Azərbaycan parlamenti DQMV-ni milli ərazi qurumu kimi ləğv edir, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun qanununu qüvvədən düşmüş sayır, inzibati-ərazi islahatları keçirilir. Beləliklə də, keçmiş Dağlıq Qarabağ muxtariyyətinin ərazisində Azərbaycanın digər rayonlarından hüquqi baxımdan fərqlənməyən rayonlar yaradılır. Konstitusiyda isə Azərbaycanın hər hansı bir ərazisində ayrıca seçkilər keçirilməsi və təmsilçilərin seçilməsi nəzərdə tutulmur. Hazırki vəziyyətdə isə Dağlıq Qarabağ İcmasının İctimai birlik statusunun ləvğ olunması və İcmanın Dağlıq Qarabağ bölgəsindən seçilən millət vəkillərindən təşkil olunması real çıxış yolu kimi görünür.

Sosial Media da Paylaşaq