Azərbaycan Qadını sizlərin qurbanıdır!

Məlahət Gözəl

Qadını xoşbəxt olan cəmiyyəti məğlub etmək mümkünsüzdür. Qadın cəmiyyətin şüur, yaşam səviyyəsinin göstəricisidir. Saxta qeyrət daşıyıcıları “namusuma sahib çıxdım, onu qoruyuram” deyib qürrələnəndə unudurlar ki, fərd azaddır və etmək istədiyini istənilən an edər. Bir də, unudurlar ki, qadın kişidən daha namusludur. Yanlış edərkən vicdan hissini yaşayandır. Onun səhvləri hər zaman hazır, klassik cəzalara malikdir. Ömrünə, ölümünə başa gələn cəzalarla doludur. Kişi isə etdiyi hər namussuzluğun qarşılığında haqq qazandırılan tərəfdir. Hətta xüsusi ifadələrə də sahibdir. “Kişidi dəə”, “əşi nə olacaq oğlandı, ona heç nə olmaz” və.s və ilaxır.

Qadının cəza qarşılığı kişinin mükafat sahibliyi…. Çox ədalətlidi deyilmi? Qadın fərd kimi deyil o yalnız ana, bacı, filankəsin qızı kimi dəyərlidir. Bəli, qadın yalnız belə dəyərlənir. O, subyekt olaraq heç kimdir. Öz sözünü demiş biri olduğu təqdirdə yüksək faizlə əxlaqsızdır. Onula ailə quran bəysə yazmaq istəmədiyim hansısa iyrənc ifadənin daşıyıcısıdır. Bilirsiz, qadın hər zaman haqsızdır. Hər zaman hər şəyə rəğmən haqsızdır. Evdən eşidilən əsəb səslərində belə uzaqdan görülən ilk günahkardır. “Gör necə səsini başına atıb, heç qadın da belə danışar?!, nə bilim qışqırar?!” Onlar bərk çıxan qadın səsi eşidərlər sadəcə. Amma mənəvi olaraq ölən, bari sözünü səsiylə deyən, hayqıran, boğulan qadını görmürlər, sadəcə “qadının səsi bərk gəlməz” məntiqi ilə yamaşırlar.

Yaxın zamanlarda bir yazarın video yazısını dinlədim. Gürcüstanda qonaqlıqda olub və gözəl təssüratlara sahibmiş: “Mən qonaqlıqda süfrənin başında oturdum, evin bəyi və xanımı da əyləşdi. Əyləncəli çox səmimi ortam yarandı. Qadın bizimlə dedi güldü. Ama bizdə bizim tükəzbanlar süfrəyə bozbaşdan zaddan qoyub qaçır mətbəxə. Sən gedənə qədər üzünə də baxmaz, bilməzsən səndən zəhləsi gedir ya yox…”

Yazarla razıyam amma o qadını tükəzban edən, müthi edən də Azərbaycan kişisi deyilmi?! Xatırlayıram, rəhmətlik əmim evinə qonaq gələndə, xüsusiylə kişi, qadınına qapıya yaxın durmaq, yeməyi mətbəxdən gətirmək, hetta salam vermək qadağası qoymuşdu. Qadağa pozulsa o döyüləcək söyüləcəkdi. Bəs niyə ayrılmır getmirdi? Çünki ayrılmış qadını daş qalaq edən, əxlaqsız adlandıran cəmiyyətə, evə ağ kəfənlə dönərsən deyən ailəyə sahib idi.

Dərhal ağıla maarifçilik, təhsil gəlir bilirəm. Bu gün belə rayondan gəlib şəhərdə sizə kirayə yemək, kitab, geyim imkanı verməsələr oxuyardınızmı, təhsilli biri olardınızmı? Təhsil istənilən anda önəmlidir amma bu kimi qadınlardan bu şərtlər altında təhsil, maarifçilik gözləyən insanlar yəqin Alisanın möcüzələr diyarının sakinləridirlər. Belə insanları ağzı isti yerdə olan axmaq adlandırmağa heç cür tərəddüt etmirem.

Çox misal gətirmək olar, boğazdan yuxarıdı sayı. Dəyərlər, milli baxiş, ne bilim daha nələr. Hələ  qəhrəman sayağı qısqanclıq sindiromları, qorumaq sahiblənmək hissləri və nə bilim daha nələr.

Xülasəsi budur ki, Azərbaycan qadını namusludur. Onun saxta özü hər çirkablıqdan çıxmış onun üçün də dünyani elə murdar görən teatr oyuncularına ehtiyacı yoxdur. Azərbaycan qadını daha qeyrətlidir, daha güclüdür. Onu kor etməyə, körpəlikdən bələnməkdən başlanıldığı üçün belə müthi və biri olmazsa yaşaya bilməz vəziyyətinə gətirilib. Qadın ana, bacı, qız deyil. O QADINDIR. O fərddir. Sizin taxacağınız statuslara ehtiyacı yoxdur. Çirkli əllərinizlə toxunduğunuz namus parçasına bürünməyə layiq deyil. O sizlərdən daha əxlaqlıdır daha namusludur. Mükəmməl olmağa məcbur deyil. O belədir, budur o. Səhvi düzü hər şeyiylə budur. Onu manqurtlaşdırıb günahı da onda axtarmağa haqqınız çatmır əsla.

Qeyd: Feminist deyilem (hər ehtimala qarşı)

 

mm
Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.
Sosial Media da Paylaşaq