Ayrılıq və Uşaqlar

Məlahət Gözəl

Hər  il statistik göstəricilər dəyişir. Hər il faizlərdə gözəçarpan artım baş verir.  Doğrusu 2012-ci ilin nəticələri bəlli deyil hələ amma 2011-ci il kifayət qədər özünü göstərib.  Nigaha girənlərin sayı artdığı kimi 20%-də ayrılanların siyahısı artıb.  2011-ci ildə ölkədə 39 803 nigah bağlanıb, 5 335 nigah isə pozulub. Bu rəsmi statistik rəqəmdir.

Təbii ki hər ailənin öz ayrılma səbəbləri var. Bəzən heç qurulmamalı olan ailələr vardır ki onlar sadəcə kağız üstü evli hesab olunurlar. Bu kimi ailələrin dağılması daha məqsədə uyğundur. Yuxarda dediyim kimi hər bir ailənin dağılmaq üçün fərqli səbəbləri var. Müasir dövrdə bu səbəblərin sayı da digər faizlər kimi çoxalıb. Daha çox ailədə zorakılıq buna gətirib çıxarır. Sevindirici hal odur ki, artıq ailədə zorakılıq görmüş bir kimsə çətinliklərə rəğmən ayrıla bilir. Çox misal gətimək olar. Bura eyni zamanda sosial keçimsizlik, psixoloji təzyiqlər, ailələrin müdaxiləsi, ən yaxşı halda uyğunsuzluq deyib də ayrılanlar daxildir.

Bəzən evlənən insanlar həyat yoldaşıylamı ya onun nəsli soyu-köküyləmi evlənmiş olduğunu anlaya bilmirlər. Bəlkə də bu sahədə lazımı qədər təcrübəm yoxdur amma yenə də güman edirəm ki, bu mövzuya toxunmaq lazımdır. Əslində yuxarıda hər kəsin bildiklərini yenidən yazmaq kimi bir niyyətim yoxdur, cünki onsuz da mövcud durum göz önündədir. Bu mövzuya müraciət etməyimim səbəbi bu yaxınlarda dağılmaqda olan bir ailənin dramıdır. Əslində dramdırmı ya komediyadırmı özüm də anlamaqda çətinlik çəktim.

Deməli, bütün nəsil artıq iki il olar ki qurulmuş gənc ailənin dağılmaması üçün əlindən gələni edirlər. Qısası bu ayrılıqda heç bir kənardan müdaxilə yoxdur. Evli cütlük isə uzun zaman bir-birini çox sevmiş və sosial statusları yüksək olan insanlardılar. Buna baxmayaraq isə ayrılma səbəbləri çox gülüncdür. Səbəbi açıqladıqdan sonra bəlkə də bu tip bir məsələni yazıya aldığım üçün məni qınayacaqsınız amma inanın ki bu görüldüyü kimi bəsit deyil. Daha üstü örtülü formada desək bu ailədə xanım yuxuya gedərkən son zamanlar corab geyinməyə başlayıb və bu hal bəy üçün qəbul olunmaz bir hala gəlib çıxıb. Bəy bunu kobud formada söylədiyinə görə xanım tərslikdən yayı belə corabla keçirirmiş. “Əgər elə deməsəydi eləyərdim”. Bəy isə “dediyimi etsəydi sonra elə deməzdim” deyir. Xülasəsi bir  atoledo corab bu ailənin sonunu vurmaq üzrədir.

Bu iki insanın ayrılmağı dərd deyil də ortalıqda qalan körpəni necə böləcəklər, ya o körpə neçə yerə bölünəcək deyə heç düşünmədən qısası bir-birilərini parçalayırlar. Mənim belə qorxa-qorxa yazdığımı bu səbəblə bir ailə dağılır. İstənilən halda ailənin dağılması pis bir şeydir. Oyunla qarışıq sandıqları əslində istənilən körpənin  güvəndiyi sığındığı isti yuvadır. O körpə ki valideynləri olduğu halda belə hər zaman bir tərəfi yetim qalacaqdır. Axı o bir olmalı olduqları halda ayrı olan ata ananın qurbanıdır.

Bu hələ yaxşı misaldır, ayrılıb da körpələrini küçələrə, uşaq evlərinə atanların yanında. Uşaq evinin sahibi “hər həftə ən azı üç uşaq gətirilir bura. Birini zibillikdən, birini qurumun qarşısından hərəsini bir yerdən gətirirlər” deyəndə “Harda itirdin insanlığını ey valideyn” deyib də üsyan etmək gəlir ürəyimdən. Axı niyə ailə qurursuz niyə bir olursunuz niyə buna qərar verirsiz? Ayrılmaq üçünmü bunu edirsiz? Ayrılacaqdınıza niyə bir oldunuz ki, ayrılmağınız bir dərd deyil olsun bəs Körpənizi niyə yetim qoyursuz? Haqqınız varmı buna? Yazının mahiyyəti sırf ayrılan insanlar deyil, ayrılıbda nakam qoyduqlarıdır. Əslində uyğunlaşmaq problemləri olanların ayrılmaları normaldı. Buna görə də bəzi tələsik qərarlardan çəkinmək gərəkdir. Misal üçün evlənilən ili mütləqdir ki, övlad dünyaya gəlsin?! Bu bizim mentalitetimizdən gəlir. Axı nəsil davamçı istəyir. Bir yaşamağı öyrənmədən üçüncü bir cana qıyımağa necə, haqqımız catırmı?! Zalımlıq, insafsızlıq, qəddarlıq dolu bu boyda dünyada öz canımızdan öz qanımızdan olan nar dənəsi boyda görünən bir körpəni yalnız, köməksiz, carəsiz qoymağa necə, onadamı haqqımız çatır? O zaman çox heyif  bizə, çox heyif.