Avtoritarizm çökdü, bəs sonra?!…

Xəyyam Namazov

Lazımlı bir termin

Avtoritar rejim devrildikdən sonra yerində qurulacaq siyasi sistem nə qədər effektli olacaq? İnsanlar yeni siyasi sistemə inanacaqlarmı? Onların bu sistemə güvənmələri üçün nələr lazımdır? Ən əsası isə, yeni siyasi sistemdə hansı addımlar atılmalı və hansı politikalar həyata keçirilməlidir ki, ədalət bərpa olunsun, sistem yaxşılaşsın və keçmiş dövrdə baş verən pozuntular bir daha təkrarlanmasın?

Bu və digər sualların cavabını tapmaq üçün siyasi ədəbiyyatda 1980-90-cı illərdən bəri işlədilən “Keçid Dövrü Ədaləti” (Transitional Justice) terminindən istifadə edilir. Konflikt sonrası ölkələrdə və Avtoritar sistemin dağılmasından sonra yeni qurulmuş sistemlərdə hüquqi və siyasi mənada ədalətin və sülhün təmin edilməsi üçün istifadə edilən mexanizmlərin cəmi kimi başa düşülür bu termin.

KDƏ siyasətinin Məqsədi

Keçmiş avtoritar sistemin çökməsi heç də hər şeyin həll edilməsi mənasına gəlmir. Əksinə, bu hər şey yeni başlayır deməkdir. Bu mənada keçmiş sistemin buraxdığı mənfilikləri aradan qaldırmaq üçün KDƏ-i Ədalət (justice) və Uzlaşdırma (reconciliation) siyasətləri irəli sürür. Bu iki anlayış KDƏ-nin təklif etdiyi siyasi paketin tam mahiyyətini açır.

ƏDALƏT

Avtoritar sistemlərdəki pozuntuların ən başlıca səbəbi ədalətin olmamasıdır. Elə buna görədir ki, yeni sistemdə də insanların ən birinci ehtiyac duyduğu və tələb etdiyi şey də ədalət olur. Xüsusilə, köhnə sistemdən ziyan görən (avtoritar sistemlərdə əhalinin böyük əksəriyyəti) insanları yeni sistemə inandırmaq üçün onlara yeni sistemin ədalətli olacağını konkret faktlarla sübut etmək lazımdır. Bu mənada KDƏ iki növ ədalət anlayışı irəli sürür.

İntiqamçı Ədalət (retributive justice) – Bu ədalət növü köhnə avtoritar sistemdə hakimiyyəti mənimsəyən və insanların haqqlarını pozan, amma buna görə cəzalandırılmayan insanların yeni sistemdə hüquq prinsiplərinə əsasən cəzalandırılmasını tələb edir. KDƏ prinsiplərinə görə yeni sistemlərin həyata keçirməli olduqları ilk siyasət də elə bu olmalıdır. İntiqamçı ədalət bir neçə səbəbdən çox vacib hesab olunur:

  • İnsanların hüquqlarını pozan keçmiş siyasilərin cəzalandırılması ilə sosial ədalət bərqərar olunur.
  • Bu cəzalandırma ilə daima hüququ pozulan, bununla da ədalətə və hüquqa qarşı inancları ölmüş insanlar artıq yeni sistemə inanmağa başlayır və anlayırlar ki, hər cinayətin mütləq bir cəzası var. Onların hüquqa qarşı inancları bərpa olunur. Bununla da cəmiyyətdə “cəzasız qalma mədəniyyətinə” (culture of impunity) ağır zərbə endirilir. Yeni sistemin sosial dayağı möhkəmlənir.
  • Avtoritar sistemdə məddahlıq əsasında yazılan və saxtalaşdırılan tarixdən imtina olunur. Tarix yenidən yazılır. Bununla gələcək haqsızlıqların qarşısı psixoloji olaraq önlənməyə çalışılır.

Canlandırıcı Ədalət (restorative justice) – Bu ədalət növü əsasən keçmiş sistem qurbanlarının hüquqlarının bərpasına diqqət ayırır. Belə ki, avtoritar sistemdə əziyyət çəkmiş, hüquqları tapdanmış, malı mülkü müsadirə edilmiş, həbsə atılmış bütün insanların dövlət hüquqlarını yenidən bərpa edir, onlara kompensasiya ödəməklə ədaləti bərpa etməyə çalışır. Bununla yeni sistem həm keçmiş sistemin səhvlərini düzəltmiş, həm də özünə sosial baza təmin etmiş olur.

UZLAŞDIRMA

Ədalət siyasəti ilə keçmiş ziyanverənlərin cəzalandırılması (hüquqa əsasən) və qurbanların kompensasiyası məsələsi həll olunur və cəmiyyətdəki ədalət anlayışı bərqərar olunur. Amma bu cəza və kompensasiya məsələlərinin həddini aşmaması və ya dərəcəsini müəyyənləşdirən siyasət isə uzlaşdırma siyasətidir. Belə ki, bu siyasət vasitəsi ilə keçmiş zərərverənlərin yeni sistemin qurbanlarına çevrilməməsi, o cümlədən keçmiş qurbanların intiqam adı ilə yeni ziyanverənlərə dönüşməməsi üçün uzlaşdırma siyasəti həyata keçirilir. Bu Birgə yaşayış qaydalarının hazırlanması, keçmiş zərərverənlər və qurbanların yeni sistemdə konfliktsiz və sülh içində yaşamasının yollarını axtarır. Ölkədə sülhün bərqərar olunmasına çalışılır. Bunun üçün də aşağıdakılar prioritet kimi qəbul edilir:

  • Hüquq Dövlətini bərqərar etmək
  • Siyasi və sosial institutları bərpa etmək, demokratiya və insan hüquqlarına yüksək hörməti təmin etmək
  • İnsan hüquqları pozuntularının bir daha təkrarlanmaması və sistemin yenidən avtoritarlaşmaması üçün tədbirlər planı həyata keçirmək
  • Bütün fərqliliklərin bir arada yaşayacağı bir cəmiyyət qurmaq, plüralizm və davamlı sülhü təmin etmək

Nəticə olaraq…

Siyasət elmində artıq bir mənalı olaraq qəbul edilir ki, bütün avtoritar və insanların haqqlarını pozan rejimlərin bir gün sonu gələcək. Gec və ya tez. Müxtəlif yollarla: sosial-siyasi porses kimi, siyasi yumuşama kimi, reformasiyalar ilə və ya inqilabla. Maraqlı da budur ki, bu yolu elə həmin avtoritarların özləri seçirlər. Öz siyasətləri ilə. Avtoritar rejimin çöküşündən sonra bir sual ortaya çıxır. Bəs sonra?!…

Bu sualın cavabını tapmaq üçün siyasət elmindəki bir sıra sahələri dərindən öyrənməyə ehtiyac var. “Keçid Dövrü Ədaləti”, “Sülhü bərqərar etmə”, “Sülh saxlama”, “Demokratik dəyişiklik”, “İnstitutisonal qruculuq” və s və ilaxır. Bu sahələrdə əsl mütəxəsislərə ehtiyac var. Ən azından yeni sistemdə olacaq…

Qaynaqlar:

  • “Transitional Justice and Reconciliation”, Sanam Naraghi Anderlini, Camille Pampell Conaway and Lisa Kays.
  • “The Effects of Transitional Justice Mechanisms”, Oskar N.T. Thoms, James Ron, Roland Paris, Centre for International Policy Studies, University of Ottawa. April 2008.
  • “A Normative Conception of Transitional Justice”, Pablo de Greiff, Politorbis Nr. 50 – 3 / 2010.
  • “Transitional Tradeoffs and Vital Victims: A Partially Democratic Theory of Transitional Justice”, Eamon Aloyo, One Earth Future Foundation, March 2010.