Arxasınca gedəcək ürəyin varsa, bütün istəklərin gerçəkləşə bilər!

Elçin Fətəlisoy

Çenin ölümünün 45 illiyinə həsr olunur.

Mənim üçün Ernesto Che Guevara (qısaca Çe) haqqında yazmaq məsuliyyətli və məni rahatladan bir işdir. Məsuliyyəti Çeni onu tanımayanlara olduğu kimi tanıtmağındadır. Çe barədə yazmaq məni ona görə rahatladır ki, bu yolla ona olan sevgimi, azacıq da olsa, bildirmiş oluram.

Keçək əsas tapşırığıa. Bəlkə çoxunuz bu adı ilk dəfədir eşidirsiniz. Kimdir Çe? Dünya və insanlar onu necə xatırlayır? İnqilabçımı? Həkimmi? Marksizmi? Sosialistmi? Ateistmi? Şəxsiyyətmi? Hərbiçimi? Qatilmi? Yaxud sadə bir əsgərmi? Çeyə olan sevgi onun şəkillərini köynəklərin üzərində gəzdirməkləmi ölçülür? Yoxsa kapitalizm düşmənçiliyi hissindən doğan kor-koranə vurğunluqlamı? Cəmiyyətdə fərqlənmək üçün “mən də solçuyam” deyərək Çenin ideyalarını dəstəkləməkləmi? Yaxud  “Çe ölsə də, onun seçdiyi yaşam tərzi onu yaşadır” deyərəkmi? Çe haqda, birtipli kimi səslənsə də, qısaca məlumat vermək istərdim.

Ernesto Çe Guevara 14 may 1928-ci ildə Argentinada varlı və yetərincə tanınmış bir ailədə doğulub. Ancaq sonralar o, əsl doğum gününü 14 mayda yox, 14 iyunda qeyd edir. Valideynləri ailə həyatı qurarkən artıq Çenin anası hamilə idi. Tanınmış və kübar bir ailə o zamanlar dedi-qodulardan uzaq qaçmaq üçün 14 mayda doğulan Çenin doğum şəhadətnaməsinə doğum tarixini 14 iyun yazdırırlar. Uşaqlıqda utancaq olan Çe vaxtının çoxunu bədii ədəbiyyat oxumağa və düşünməyə sərf edir. Çe ona verilmiş ləqəb idi (Çe ispanca “ey, dostum” deməkdir). Ali təhsilini həkim kimi başa vuran Çe ömürlük asmadan əziyyət çəkirdi.

Çenin həyatında dönüş yaradan hadisə onun Latın Amerikasını gəzintiyə çıxmasıdır. Ölkələri gəzdikcə o gerçəkliyi daha da yaxından görür. İnsanların necə əziyyət çəkdiklərini, kölə kimi necə işlədildiklərini, haqsızlıq və əzilməklərini, təhsil və inkişafın çox pis halda olmasını və bu kimi başqa acınacaqlı halları görür. Bütün bunlara qarşı içində bir düşmənçilik, üsyan hissi yaranır.

Maraqlı sual doğur burada. Varlı bir ailədə doğulan, yoxsulluq nədir bilməyən, təhsilli və qarnıtox bir gəncin bu durumu dəyişdirmək istəyi haradan yarandı? Bu istəyin yaranmasının təməlində nə dayanırdı, axı? Bax, bu yerdə “DUR” – deyərək bunun fəlsəfəsini sizə açıqlamaq istərdim. Çünki, sizlərə Çenin bütün həyatını yaza bilmərəm, ancaq onun bütün həyatını həsr elədiyi ülküsünü anlatmaq istərdim.

Jurnalist Lisa Howard Çedən müsahibə alarkən reportajın gedişində soruşur:

Lisa : Bir inqilabçının sahib olduğu ən önəmli özəllik nədir?

Çe : Sevgi! Sevgi!

Lisa: Sevgi? (çaş-baş halda!)

Çe: İnsanlığa sevgi, düzgünlük, doğruluq, istək! Bunları daşımırsa mənliyində, gerçək bir inqilabçı deyil o. Əsl inqilabçı həmişə ona ehtiyac olan yerdə olur.

Nəyi öyrətdi Çe bizə? Çe həyatı bahasına göstərdi ki,…

İnsan həyatda istənilən istəyini gerçəkləşdirə və prinsiplərini qoruya bilər. O istəsə və istədiyinə dəlicəsinə inansa, hər şeyi əldə edə bilər. Çünki, insanın sevərək inandığı ideyalar ona savaş əzmi verir, onu yorulmaq bilməyən bir mübarizəyə səsləyir. Həyat mübarizədir və hər iş mübarizə aparmaqla əldə edilir. Asan başa gələn iş yüksək qiymətləndirilməz. İçdəki inam və mübarizə hissi bu yolda həmişə irəliləməyimiz üçün güc qaynağıdır. Çenin asmadan əziyyət çəkməsinə baxmayaraq, o bu mübarizəyə qoşuldu. ABŞ kimi böyük gücə, eyni anda içdəki düşmənlərə qarşı savaşda gərək olan içindəki inam və qorxmazlığın gücünü bütün insanlığa göstərdi.

Çe həyatı bahasına göstərdi ki, itirmək qorxusunu məhv edə bilməyən insan uğur və başarı dadını yaşaya bilməz. Nələri isə əldə etmək üçün başqalarını itirməliyik. İstənilən bir uğursuzluq başqa bir uğurun başlanğıcıdır. İnsan elə bir varlıqdır ki, o yaşamda var olan istənilən bir yükü və əzabı daşımaya bilər. Hamı uğursuzluqla barışa bilər, lakin güclü insan uğursuzluqdan uğur qazanmaq üçün yararlana bilər. İnqilabın ilk illərində yanındakıların sayı, silahı və maliyyəsinin az olmasına, durumun insanları sıxmasına baxmayaraq İNAM ideyasına qoşulanları bu yoldan döndərmədi. Kommunizmə qarşı kəskin savaş illərində ABŞ-a qarşı olan bir hərakat qoşulanlar öz içində itirmək qorxusunu yenmiş və “işə girişməyən çoxdan uduzmuşdur” ideyasına bütün mənlikləri ilə inanmışdılar.

Çe həyatı bahasına onu da göstərdi ki, hər bir məyusluq yeni bir çalışma gücü, istəyir gətirir. Hər alınmayan bir iş yeni bir yolun axtarışı üçün güc mənbəyidir. Həmişə bir çıxış yolu var. Bu yolu tapmaq insanın içindəki inam gücü bahasına olasıdır. Hələ Kubada inqilaba başlayan dövlərdə bir neçə uğursuz əməliyyətlar və sıxışdırmalar Çeni yolundan döndərmədi. Sanki, inqilabi mübarizə onun ruhunun rahatlıq tapdığı bir yer idi. İnsanların azadlığı başa düşmədikləri, ac və qorxu dəyənəyi altında süründüyü bir dövrdə Kubada inqilaba qalxmaq, onun qələbəsinə inanmaq olası bir iş kimi görünmürdü.

Çe həyatı bahasın göstərdi ki, qorxmazlıq, inam, mübarizə və cəhd insanın həyat silahı olmalıdır. Çenin BMTdəki çıxışı, açıq-açığına öz düşmənlərini tənqid etməsi, xarici jurnalistlərin propaqanda özəlliyi daşıyan suallarını dəliqanlılıqla cavablandırması onu dünyaya sevdirməyə bilməzdi. Xarici bir jurnalist Çenin şüar etdiyi bir sualı verir “Siz deyirsiniz ki, insan onun azadlığını batıran istənilən gücə qarşı savaşmalıdır. Bu savaş Sovet birliyinə qarşı olsa da belə?” Çe isə cavabında deyir: “Sözsüz!”.  Baxmayaraq ki, ABŞ kimi gücə qarşı duruş gətirmək üçün SSRİ-nin dəstəyi hava-su kimi gərəkliydi.

Çe həyatı bahasına göstərdi ki, insan haqqını vicdanıyla qorumalı, yoldaşlıqda dönməz olmalı və haqsızlığa qarşı çıxmalıdır. İnqilab qələbə çaldıqdan sonra uğrunda savaşdığı ideya Çenin istəklərinin qarşısını ala bilmədi və ona nazirlik verildiyi halda rahat iş istəmədi, yenə öncəki yaşam “tərzi”nə qayıdaraq Afrika və Cənubi Amerikanın başqa ölkələrində inqilabi hərakatlara qoşulur ( Çe Boliviyadakı inqilabi hərakata qoşulur və 1968-ci ildə orada da güllələnir)

Çe həyatı bahasına göstərdi ki, hamının seçdiyi yol ilə getməkdənsə, öz ruhunun nə istədiyini tapmalı, öz cığırını yaratmalısan. Bu yolda məyusluq, dönüklük, haqsızlıq və anlaşılmazlıqla üzləşsən belə davam elə, yorulma. Bu yol səni böyük bir aydınlığa səsləyir!

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.