Aldatmaca (hekayə)

hekayə

Xəyyam Namazov

Bu, buludla örtülmüş bomboz səmanın rəsmiydi. Dalğalanırdı sanki. Gölməçə üzərində yaranmış göy üzünün əksi gah yağış damcısı ilə pozulur, bir anda yox olur, gah da yenidən özünü toparlamağa çalışırdı, ta ki, növbəti damcı suyu dalğalandırıb, rəsmi yox edənə kimi.

Bayaqdan bəri davam edən bu oyunu kiçik gölməçəni tapdalayan bir ayaq sonlandırdı. Və arxasınca təhqir dolu ifadələr eşidildi. Bilinmir, köhnə, kirli və yerlərdə oturmaqdan paramparça olmuş, payız üçün o qədər də qalın olmayan paltar geymiş bu on üç-on dörd yaşındakı uşaq kimi və nəyi söyürdü. Bəlkə, bu aqressiya bütün günü yağıb dayanan, sanki onu islatmağa və dondurmağa and içmiş təbiətə qarşı idi? Bəlkə də, bu söyüşlər şəhərin mərkəzi küçəsində yağışdan yaranmış bu kiçik gölməçələrə ünvanlanmışdı?! Nə qədər olmasa da, onun dabanı qopmuş, ucunda kiçik deşiyi olan ayaqqabısını islatmışdılar.

Yağış bir neçə saat idi ki, dayanmışdı. Buludlar arada bir göy üzərindən kiçik damcılar atırdı və bu, bir anda yenidən yağmura çevrildi. Bayaqdan bəri yavaş-yavaş və saymazyana yeriyən onlarla insan addımlarını sürətləndirdi. Yağışdan qorunmaq, islanmamaq üçün hərəsi bir yerə doğru başı-boş şəkildə qaçmağa başladılar. On üç yaşlı uşaq da həmçinin sürətini artırdı. Amma yağış bəhanə idi. Görünür, harasa tələsirdi. Əlində torbaya bükülmüş nə isə tutmuşdu, möhkəmcə sıxırdı, sanki itirməkdən qorxurdu.

Şəhərin mərkəzi küçəsindəki ərzaq mağazaları, restoranlar və kafelər bir-bir geridə qalırdı. Uşaq adi halda mütləq buralara girər, çörək, yemək istəyərdi, amma indi heç o tərəflərə baxmırdı belə. Sadəcə qabağa, çatmaq istədiyi yerə fokuslanmışdı.

Artıq bu ana küçədən ayrılmış, şəhərin qədim qala divarlarından içəriyə girmişdi. Ara-sıra buraya dostları və diləndiyi adamlarla birlikdə gələrdi. Bəzən isə hər kəsdən gizli, önünə-arxasına baxaraq, həqiqətən izlənmədiyinə tam əmin olaraq.

Hər kəsdən gizlətdiyi bir yeri vardı burada. Köhnə bir xarabalıq, uçulmuş, dağıdılmış bir ev. Öz evi kimi görürdü burasını, özünə aid olan ən dəyərli şeyləri burada gizlədirdi. Həmçinin, dostlarından və başçılarından oğurladığı və əgər bilinərsə bütün həyatını məhv edəcək pulları da burada saxlayırdı.

Rəqəmləri qəpik saymaqla öyrənmişdi bu on üç yaşlı uşaq. Gözünü açadan bəri bu işlə məşğul idi – dilənmək, digərlərindən pul isətəmək. Heç vaxt həyatını bir gündən artıq düşünməmiş, plan qurmamışdı. Onun üçün sadəcə bir gün vardı, o da bu gün. Və sabah durub nə edəcəkdi, o qədər də önəmli deyildi. Tək işi vardı, pulları yığmaq və başçısına vermək. Beləliklə, yatacağı bir yeri, yeyəcəyi yemək olacaqdı. Gündəlik olaraq ona deyildiyi qədər pul gətirməliydi. Əks təqdirdə döyülür, bəzən yemək verilmir, hətta evdən qovulurdu. Həmin gecəni çöldə yatmalı olurdu.

Yaşına baxmayaraq, artıq həyat haqqında çox şey öyrənmişdi. Bu yaşda dəyərli olmadığını anlamışdı. Və həyat ona, bu cılız bədənə və cılız ruha nifrət edirdi. Öz növbəsində, o da həyatdan iyrənirdi, amma yaşamdan heç cür imtina edə bilmirdi. Nələr etmirdi ki, həyat üçün?! Amma həyat bu mənasız, miskin və cılız varlıqlara əzab verirdi. Onlar nə yox ola, nə də ki, yaşaya bilirdilər. Bütün bunlara qarşı gələ bilən insanlar vardı. Necə də xoşbəxt idi onlar. Var olmağa qarşı gələnlər, özünü yoxluğa, bilinməzliyə ata biləcək qədər cəsarətli olanlar, həyatı məğlub edənlər.

Özünü öldürməyi düşünmüşdü bir dəfə. Və elə oradaca anlamışdı, nifrət etdiyi bu həyata necə də bağlı idi. Həyat onu sadəcə əzab vermək, kölə kimi yaşatmaq üçün yaratmışdı və bütün bunlara baxmayaraq, o həyatdan imtina edə bilmirdi. On üçlü yaşlı uşaq elə oradaca anlamışdı, bütün insanlıq həyatla, yaşamla və var olmaqla lənətlənib. Qurtuluş yoxdur.

Və həmin gün – evə az pul gətirdiyi üçün möhkəm döyülüb çölə atıldığı, gecəni ac-yalavac bir tikintidə yatdığı və binanın beşinci mərtəbəsinə çıxıb özünü atmaq istədiyi gün sanki beynində bir işıq yanmışdı, bütün qaranlıqlar aydınlanmışdı. Və oradaca qərarını almışdı. Əgər özünü öldürə bilmirdisə, əgər bu iyrənc həyata bu qədər bağlıydısa sadəcə özünü düşünməli idi, həyatını qurmalı, hər kəsə – dostlarına, başçılarına və bütün insanlara xəyanət etməli, yalan danışmalı, onları aldatmalı idi.  Çünki, həyatda qalmağın, əzilməməyin, öz həyatını qurmağın tək yolu bu idi.

Bütün bu düşüncələrə görə idi ki, artıq üç aydan bəri dostları və diləndiyi digər insanlarla yığdığı pullardan oğurlayır və gətirib bu xarabalıqda heç kimin tapa bilməyəcəyi bir yerə gizlədirdi. Hər gün bir neçə iyirmi qəpiklik atmaqla qısa bir zamanda xeyli pul da yığa bilmişdi. İndi də buna görə gəlmişdi bu xarabalığa.

On üç yaşlı uşaq yağışda daha çox islanmasın deyə, özünü tez-tələsik içəri atdı. Xarabalığın bütün divarları qaralmışdı. Bəzi divarlar tamamilə uçmuş, damı isə demək olar ki, paramparça idi. İçəriyə müxtəlif yerlərdən su damdığına görə, döşəmə çürümüşdü. Xarabaya çevrilmiş evdə taxta parçaları və müxtəlif ölçülərdə daş qırıqlarından başqa, bir dənə də olsun əşya yox idi.

Uşaq bir taxta parçası üzərində oturdu. Buraya gələndə hər dəfə belə edirdi. İzlənmədiyinə əmin olmaq üçün, ən azı beş dəqiqə gözləyirdi. Daha sonra ayağa qalxdı, evin parçalanmış pəncərəsinə yaxınlaşdı. Heç kimin gəlmədəyinə bir daha əmin oldu. Yağışlı havada onsuz da heç kim onu izləməzdi. Amma yenə də, tədbir üçün bunu etməliydi.

Geriyə, evin küncünə doğru getdi. Uçmuş dağılmış taxta parçalarını qaldırdı, daşı qırağa çəkdi. Divarda bir ovuq vardı. Oradan üzərindəki yazıları silinmiş, paslı bir qutu çıxardı. Qapağını açdı, qab ağzına qədər qəpiklə dolu idi. Yolda islanmasın deyə cibinə qoyduğu torbanı çıxardı. Xeyli kağız pul vardı içərisində. Həyacanlı şəkildə pulları saymağa başladı. Qutunun içərisinə qoymalı idi onları, amma nəyəsə görə bir anlıq duruxdu. Yoxsa, neçə aylardan bəri bütün hər şeyini gizlətdiyi bu yerin təhlükəsizliyinə şübhə etməyəmi başlamışdı?! Kağız pulların, on, iyirmi, əlli manatlıqların içərisindən iki dənə bir manatlıq götürdü. Pulu yenidən bir daha saydı və torbaya bükdü. Torbanı qaba, qabı isə ehtiyatla divardakı ovuğa yerləşdirdi. Qarşısını bayaq qırağa qoyduğu daşla yenidən bağladı. Daha sonra isə, qırağa qoyduğu taxta parçalarına sarı döndü. Hamısını birdən götürmək istədi və ehtiyatsızlıqdan əlini yaraladı. Qan axmağa başamışdı əlindən, amma indi bunu düşünəcək halda deyildi. Taxtaları tələsik daşın üzərinə nizamsız şəkildə yığdı. On üç yaşlı uşaq istədiyini etmiş, pulu gizlədə bilmişdi. Bütün həyatına təminat verəcək qədər çox pul yığmalı idi. Yeni həyat üçün bu şərt idi.

Artıq getmək vaxtı idi. Pəncərəyə doğru irəlilədi, yağış hələ də yağırdı. Çöldə heç kim yox idi, çıxmaq olardı. Bir anlıq istədi yağışın dayanmasını gözləsin, amma həmin dəqiqə də fikrini dəyişdirdi. Bu gec ola bilərdi, şübhələnərdilər ondan. Bir-başa özünü çölə atdı.
Əlinin qanadığını xatırladı bir anlıq, bütün paltarı qan olmuşdu. Kiçik bir cızıqdan bu qədər qan necə çıxır deyə təəccübləndi uşaq.

İndi isə bayaq götürdüyü iki manat pulla gedib özünə yemək alacaq və iki gündən bəri ac olan qarnını doyduracaqdı. Yeyin addımlarla yenidən yeriməyə başladı, bir az sonra isə bu addımlar qaçışa çevrildi. Artıq xarabalıqdan xeyli uzaqlaşmışdı. Amma hələ də qeyri-müəyyən idi, dilənçi uşaq o qədər pulu haradan almışdı?…

***

“Bir-birimizə heç bir borcumuz yoxdur. Hər nə qədər mən sənin tərəfindən məğlub edilib istifadə edilsəm də, mənim üçün sən də məğlub edəcək obyektdən başqa bir şey deyilsən. Aramızda sadəcə bir növ münasibət var, o da bir-birimizdən qarşılıqlı istifadədir…” Max Stirner

Köhnə bir masa qarşısında oturmuş qoca gözlərini “Sitatlar” kitabında yazılmış bu cümlələrdən ayırdı. Pəncərədən çölə, artıq bir neçə saatdır mağazasının qarşısında oturmuş dilənçi bir qadın və qucağındakı uşağa baxdı. Sanki, oxuduğu cümlələrin işığında məsələni anlamağa çalışırdı. Həqiqətən də bu qadına heç bir borcu yox idimi? Həqiqətən də onu görməməzlikdənmi gəlməliydi? Yoxsa necə?

Qoca bayaqdan bəri əlində yellədiyi əlfəcini oxuduğu səhifəni itirməmək üçün kitab arasına sıxışdırdı və onu masanın üzərinə qoydu. Ətrafına, otağın bütün divarlarını əhatə eləmiş kitablarla dolu rəflərə, döşəmənin üzərindəki onlarla köhnə nəşr kitablara göz gəzdirdi. Bütün bunları bir-bir ayırmalı, bəzilərini rəflərə yığmalı, bəzilərini isə depo kimi istifadə etdiyi arxadakı kiçik otağa aparmalı idi. Həvəssizdi, məyusdu və bitkin halda idi. Nə edəcəyini bilmirdi. Demək olar ki, bütün həyatını keçirdiyi, oxucular üçün köhnə nəşr və ikinci əl kitablar satdığı mağazası hər an əlindən çıxa bilərdi. Növbəti bir illik kirayə ödənməliydi. Amma pulu yox idi. Daha doğrusu, bütün yığdığı pulları on üç-on dörd yaşında bir dilənçi uşaq oğurlamışdı. Güvəndiyi, inandığı və bütün gücü ilə ona kömək etmək istədiyi bir uşaq.

Acıqlıydı, amma onu acıqlandıran kiçik yaşlı uşaq tərəfindən aldadılmaq deyildi. Özünə, aldadıldığına görə acıqlanırdı. İdeyalarına və inancına şübhə etməyə başlamışdı, onu bu yaralayırdı.

Təqribən altmış yaşlarında olan qoca, demək olar ki, bütün həyatını bu mağazada keçirmişdi. Özünü, şəxsiyyətini, bütün ideya və inancını bu mağazada kitablarla qazanmış, iki oğlan uşağını da buradan qazandığı pullarla böyütmüşdü. Onları oxutmuş, işə düzəlmələrinə kömək eləmiş, sonra da evləndirmişdi. Atalıq borcunu bacardığı qədər yerinə yetirmişdi. Oğulları nə qədər onu buradan uzaqlaşdırmaq istəsələr də, “bəsdir işlədiyin, indi bir az istirahət elə” desələr də, qocanın “bir gün buraya gəlməsəm ölərəm, bura mənim hər şeyimdir” cümləsi onların susması üçün bəs eləmişdi.

Qocanın bu mağazada oxumadığı demək olar ki, çox az kitab vardı. Fəlsəfə, psixologiya, sosiologiya, dünya ədəbiyyatından tanış olmadığı tək-tük yazar olardı yəqin ki. Kitablardan seçdiyi, özünün deyimiylə “gözəl və yararlı fikirləri” bir dəfətərə qeyd edirdi. Bir gün bunu bütün insanlığa yararlı sözlər adıyla çap etdirəcəkdi.

Qoca bütün inancını bu mağazada formalaşdırmışdı. O, inansalığa inanırdı. Onun üçün həyatda ən dəyərli şey insan idi. Ona görə pis insan yox idi, sadəcə müəyyən həyat şərtləri ilə pis davranmağa məcbur olan insanlar vardı. Və bu insanları qurtarmaq, xilas etmək lazım idi. Bəs qoca niyə bütün bu ideyalara şübhə etməyə başlamışdı?

O, on üç yaşlı uşaqla iki ay öncə tanış olmuşdu. Hər gün dilənmək üçün kitab mağazasının önünə gəlirdi. Qoca da hər gün onu yeməyə dəvət edir, söhbət edir, nələrisə aşılamağa çalışırdı. Uşağın yazmaq-oxumaq bilmədyini anladıqda isə, ona bunları öyrətməyə başladı. Beləliklə, hər gün dilənçi uşağa bir saata yaxın dərs keçir və üzərində də bir manat pul verirdi. Artıq bir ay keçdikdən sonra, uşaq sərbəst oxumağa, hətta bərbad xətlə də olsa, yazmağa başlamışdı. Cızma-qaralarından nəsə anlamaq olurdu. Və beləliklə, qoca ona hər gün kitab verir, kitab oxudurdu. Zamanla onda uşağa qarşı böyük bir güvən də yaranmışdı. Hətta, bir yerə getmək istəyəndə mağazanı ona tapşırıb gedirdi. Bir sözlə, qoca bu dilənçi uşağa öz ideyalarına sadiq bir şəkildə kömək edirdi, həm maarifləndirir, həm də güvən aşılayırdı.

Və bir gün nə oldu? Mağazasını tapşırıb getdiyi dilənçi uşaq bütün hər yeri dağıtmış, qocanın pullarını gizlətdiyi yerdən, kitab arasından tapıb oğurlamış və qaçmışdı. Mağazaya girəndə gözlərinə inanmadı qoca. Hələ də, bunu həmin dilənçi uşaq etməyib deyə özünü aldatmağa çalışırdı. Hətta, bir neçə gün gözlədi, amma bir həftə keçəndən sonra artıq hər şey aydın idi. Oğru həmin dilənçi uşaq idi. Kömək etdiyi, yemək verdiyi, oxumağı öyrətdiyi, bəzi gecələrdə yatmağa yer verdiyi, hətta bəzi ailə məsələlərini ona danışdığı uşaq oğurlamışdı pulları. Bir sözlə, o, dilənçi uşaq tərəfindən aldadılmışdı.

Qoca, masadan kitabını götürdü, hər hansı bir səhifəni açdı. Oxumaq, başını qatmaq istəyirdi. Amma gözü yenidən çöldə oturmuş dilənçi qadına sataşdı. Və yenidən suallar beynini doldurdu. Bu qadına kömək etməliyəmmi? Ən azından, içəri dəvət edib çay vermək olar. Bayaqdan bəri payızın soyuq küləyi və rütubətində üşüyən o yazıq körpənin də canına bir az isti keçmiş olardı. Amma, o sadəcə on gün öncə bir dilənçi tərəfindən aldadılmışdı. İndi yenidən onlara kömək etmək?

Qoca pəncərədən göy üzünə boylandı. Görünür yağış yenidən başlayacaqdı. Və gözlərini kitabda açdığı səhifəyə, təsadüfü sətirlərə götürdü:

“İnsan azaddır, çünki sabah durub nə edəcəyini azad şəkildə özü qərar verir… Elə, insan azaddır deyə güvənilir deyil. Çünki, nə edəcəyi öncədən məlum deyil…” Jean Paul Sartre

Qocanın bayaqdan bəri çatılmış qaşları arasında bir təbəssüm gəldi. “Bəli, insan azaddır” deyə mırıldandı, “nə edəcəyi məlum deyil əsla”. Kitabı açıq şəkildə, ağzı üstə masanın üzərinə buraxdı. Ayağa durdu və mağazanın digər ucuna getdi. Balaca stol üzərindəki elektrik çaynikini elektrikə qoşdu. Daha sonra, yanındakı kitab rəfinin aşağı hissəsinə tərəf əyildi. Ağ parça altından, iki poşet çay, iki stəkan və içərisində bir neçə konfet və qənd olan kalçuk qənddanı götürüb masanın üzərinə buraxdı. Daha sonra isə rəflərdən birinə yaxınlaşdı. Qeydlərini etdiyi dəftərini götürdü və yazmağa başladı:

“İnsan həm də, özü-özü üçün güvənilir deyil, çünki azaddır, nə edəcəyi bilinməz, bəzən öz mənfəətlərinə qarşı, hətta, həyatını təhlükəyə atacaq addımlar ata bilər, sırf azad olduğu üçün…”

Bu cümlələr bitmişdi ki, çöldə yağış şırıltısının səsi gəldi. Qoca yazmağı dayandırıb tez qapıya sarı yeridi. Çölə çıxıb dilənçi qadına yaxınlaşdı, onu içəri dəvət etdi. Qadın aşağı səslə təşəkkürünü bildirib səssiz-səmirsiz içəri girdi. Qocanın işarəsi ilə çay hazırlanan masanın qarşısında oturdu.

Artıq beş dəqiqə sonra, dilənçi qadın qabağında şirnilər olan bir qab və çay ilə oturmuş, sakitcə uşağının qayğısına qalırdı. Qoca isə öz masasında çaydan qurtum ala-ala əlindəki kitabı oxumağa başlamışdı. Yenidən təsasdüfi bir səhifə seçdi:

Fərqli düşüncələr, ideyalar və hadisələr zehnimizdə qəribə bir bağlantı ilə bir-birinə birləşirlər… David Hume-a görə beynimizin fərqli hadisələr arasında əlaqə yaratması həmin hadisələr arasında müəyyən “bənzərlik, məkan-zaman oxşarlığı”na görə olur. Amma, zehnimizin müxtəlif hadisələr arasında əlaqə yaratması, həqiqətdə də, bu hadisələr arasında hər hansı bir əlaqə var demək deyil…”

Qoca, kitabı ağzı üstə masa üzərinə buraxıb yenidən ayağa qalxdı. Qeyd dəftərinə tərəf gəldi. Görünür, nəsə yazacaqdı, oxuduğu səhifələr arasında diqqətini nəsə çəkmişdi. Amma, bir anda qapı açıldı. İçəriyə on üç yaşlı dilənçi bir uşaq girdi. Üzərində qan izləri vardı. Görünür, əli qanamışdı ki, köhnə bir parça ilə sarımışdı onu. Və uşaq su içərisində idi. Ora bura boylanır, kimisə axtarırdı. Qoca, uşağa əli ilə qadını işarə elədi. Uşaq qadını görərkən sakitcə ona tərəf getdi. Qoca ilk dəfə gördüyü bu uşağın yarasına baxmaq, ona kömək etmək üçün qeydlərini tələsik yazmağa başladı:

“Çox zaman zehnimizin oyunlarına aldanırıq. Həyatdakı müxtəlif, bir-birinə dəxli olmayan hadisələr və insanlar arasında əlaqə yaratmağa çalışırıq. Bir az oyaq olaq, beynimizin bu aldatmasına uymayaq, onu bu “oyundan” azad edək. O zaman, ətrafımızdakı insanları aid olduqları sosial siniflərdən, kimliklərdən, təbəqələrdən, özümüzü isə ön-mühakimədən azad etmiş olarıq. Zehnimizin oyunlarına və aldatmacalarına son verək, insanı insan kimi görək!”.

Qoca yenidən geriyə çevrildi. Üzündə bir təbəssüm vardı, sanki, bayaqdan bəri planladığı bir şeyi həyata keçirmişdi. Bir oyun, bir aldatmaca. Bu təbəssüm dolu baxışları ilə gözünü bir nöqtəyə zillədi. Sanki kiminsə sifətinə, gözlərinə baxırdı. Bayaqdan bəri onu izləyən kiməsə…

Sosial Media da Paylaşaq