Aktivistlər və Maarifçilərin DİQQƏTinə!

Xəyyam Namazov

Müxtəlif yazılarımızla elə həftə olmur ki, Azərbaycan qadınını təndiq etməyək. Onun davranışlarını, düşüncə və həyat tərzini, kölə zehniyyətini və bütün bunların cəmiyyətin bu gününə və sabahına vurduğu ziyanlardan danışmayaq. Bəli, bu halları lağa qoyuruq, gülürük, kinayə edirik, acıyırıq. Bunlar lazımdır və labüddür amma qəribəsi budur ki, həmişə də günahı həmin qadınların özlərində görürük.

Bu yazımda çalışacam ki, “yaxşı oğlanın bacısını”, və “tükəzbanları” müdafiə edəm. Məqsədim onları haqlı çıxarmaq deyil əsla. Mən də razıyam ki, bir insan, bir vətəndaş belə olmamalıdır, belə yaşamamlıdır. Amma bu həyat tərzinin tək günahkarı onlardırmı? Gəlin səbəblər haqqında danışaq, orataya yeni model qoymağa çalışaq…

Bir qadını tükəzbana çevirən səbəblər:

Əgər Azərbaycanda doğulmusansa, hələ qız olaraq doğulmusansa mütləq bu mərhələləri keçməlisən. Klassik Azərbaycan ailə modelində tərbiyyə almalısan. Şəxsiyyətinin nə qədər cılız və lazımsız olduğunu hər gün sənə hiss etdirməlidirlər. Bir az böyüdükdən sonra beyninə “bakirlərik”, “saflıq”, “namus”, “valideyinlərinin adı”, “ən böyük millət”, “qarşılıqsız vətənsevərlik”, “etnik müsəlmançılıq” kimi ideyalar paketi yerləşdirməli və həmin gündən etibarən bu dəyərləri şəxsiyyətinin bir parçasına çevirməlisən. Bu qaydaları pozmamağın üçün isə cəmiyyət tərəfindən nəzarət altında alınırsan, bütün davranışların yoxlanılır və qiymətləndirilir.

Daha sonra əxalaqsızlaşdıran – yəni haqq, ədalət, bərabərlik ideyalarının düşməni olan Azərbaycan məktəblərinin iyrənc tərbiyyəsini almalı, ailəndən qorxduğun kimi müəllimlərindən də qorxmalı, onlar tərəfindən döyülməli və təhqir olunmalısan. Bununla yanaşı hər gün, ölkənin ən dəyərli sahəsi olan müsiqi və idman naliyyətləri ilə tanış olmalı, sevinməli və dünyanın ən mükəmməl ölkəsində yaşadığın üçün fəxr etməlisən. Hər gün medianın sənə dediklərini eşitməli və bundan dərs almalısan. Əgər nə vaxtsa çaşıb universitetə qəbul olsan yeni əxlaqsızlıq modelləri ilə (rüşvət, təhqir, tapış, mütləq tabeçilik, şəxsiyyətə pərəstiş və.s) tanış olmalı və özünə buna uyğunlaşdırmalısan. Unutma, siyasət və sosial problemlərdən danışmaq olmaz. Əgər səhvən danışarsansa alçaq səslə heç kimin eşitməycəyi bir üslubda etməlisən bunu.

Bəli üzük qaşı kimi mühasirəyə alınmış bu qadınlar, yuxarıdakı təsirlər nəticəsində tükəzbana çevrilirlər və o cümlədən elə eyni təsirlər vasitəsi ilə də dəyişməsinin qarşısı alınır.

Dəyişmək üçün vasitələr

Dəyişim üşün bəlkədə onlarla vasitələr göstərmək olar amma klassik bir Azərbaycan qadının dəyişimi üçün real və əlçatımlı ola biləcək vasitələr bunlardır.

Kitab – Evdən çölə çıxmayan bir qadın üçün ən böyük dəyişim vasitəsi kitab ola bilərdi, əgər həqiqətəndə cəmiyyətdə kitaba dəyər verilsə, ailə daxilində mütamadi oxunsa və kitab oxuma uşaqlıq vaxtından təhsil sistemi və valideyinlər tərəfindən aşılansaydı. Bunlar olmadığı üçün bu qadınlar fundamental dəyişim vasitəsi olan kitabdan məhrumdurlar.

Alternativ mühit – Azərbaycanda alternativ mühit olacaq tək yer yəqin ki, QHTlər və gənclərin birlikdə fəaliyyət göstərdiyi təşkilatlar və məkanlardır (hamısı deyil təbii ki). Ümumiyyətlə hesabladıqda isə bu məkanlarda cəmi 1000-2000 aktiv insan taparıq. İndi bu qadınların həmin aktiv mühitlə tanışma ehtimalı nə qədərdir görəsən?!

Alternativ fkirlərlərlə tanışlıq – kitab oxumayan və fərqli məkanlara getməyən insan üçün alternativ fikirlərlə tanış omağın ehtimalı sıfıra yaxındır. Alternativləri bilməyən insan üçün dəyişimin qapısı həmişə bağlıdır.

İqtisadi azadlıq – İqtisadiyyatı bu gündə olan, sadəcə insanlara ölməmək üçün şərait yaradan bir iqtisadiyyatda qadınlara iqtisadi azadlıq demək gülünc səslənərdi yəqin ki.

DİQQƏT, DİQQƏT

Azərbaycanda yaşayan ortalama bir qadının “tükəzban”, “yaxşı oğlanın bacısı” olma ehtimalı böyükdür yoxsa azad bir vətəndaş? Yuxarıdakı cədvələ baxın, bu qadınların dəyişdirmə vasitələrinə çatımlılığı nə qədərdir. Sıfıra yaxın deyə bilərik yəqin ki. Bəs manqurtlaşdırma vaistələrinə çatımlılıq?! Həyatının demək olar ki, hər anı bu vasitələrlə keçir həmin qadınların. Belə bir mühitdə, həmin qadınlara “sən niyə dəyişmirsən?!”, “bütün günahlar səndədir” demək və onları lağa qoymaq… Tənqid, felyaton və lağlağı yazılar da dəyişimdə çox önəmlidir, bu danılmazdır. Amma göründüyü kimi, kifayət deyil…

Aktivistlər və maarifçilər, Nə etməli?

Dəyişdirmə vasitələri bizik, alternativ mühit bizik, alternativ fikirlər də bizik –  Aktivistlər və maarifçilər. Bu qadınlar bu alternativlərə-bizə tərəf gəlmir, evdən çölə çıxmırlar?! Biz onlara tərəf gedək, onların “evlərinə girək” müxtəlif vasitələrlə, kitablarla, layihələrlə, qəzetlərlə, internetlə bir sözlə bu yolda edə biləcəyimiz bütün vasitələrlə… Alternativ olaraq bir qırağa çəkilib kütləni lağa qoyub, özümüz deyib özümüz də gülürük. Amma bizim vəzifəmiz kütləni alternativlərlə yəni bizimlə tanış etməkdir. Onlara alternativ fikirləri, yəni özümüzü təqdim etməliyik. SADƏCƏ lağa qoymaq bəs etmir görünür. Bununla uzaqlaşdırırıq onları bizdən – yəni alternativlərdən. Politikalarımızda bəzi dəyişikliklər labüddür…

Bu suallara cavab axtaraq: Kütləni alternativlərlə (bizlərlə) necə tanış etməli?!, Onların evlərinə necə girməli və onları evlərindən necə çıxarmalı?! Öz dəstələrimizə necə qoşmalı?

Qeyd: Yuxarıdakı suallara cavab olaraq davamlı məqalələr yazılsa bir xeyli yol tapılar…