Ağ-qara Televizor

Azərbaycanda yaşamaq ağ-qara televizora baxmağa bərabərdir.  Uşaqlıqdan bəri  ağ-qara televizora baxıb, daha sonra bir müddətlik İtaliyaya köçdüm.  Ağ-qara televizordan rəngli  televizora baxmağa keçən insan kimi ilk başda gözlərim qamaşdı, sulandı…  Bir neçə həftə gözlərim öyrəşməyə çalışırdı. Daha sonra isə hər kəs kimi televizorun normalda rəngli olmasını anladım. Uzun müddət sonra yenə Bakıya qayıtdım. Rəngli  televizora baxmış insanın yenidən ağ-qara televizora baxmaqdan keçirdiyi  hissləri təsəvvür edirsiniz, yəqin.  “Bu həyat deyil ki?!”, “Bu televizor deyil!” kimi qışqırmaq istəyirdim. Nə isə ki, bir müddət sonra yenidən rəngli televizorumu qaytardılar – indi İstanbuldayam. Yəni,  “televizorun ən rənglisinə baxıram” deyə bilərəm.

Azərbaycan üçün “ağ-qara” deyəndə mən tək onun solğun görünüşünü nəzərdə tutmuram. Qara kurtkalı oğlanlar, ağardılmış binalar, ağ-qara maşınlar öz yerində.  Amma həyata yanaşma da bu ölkədə ağ-qaradır, insanlara yanaşma da.  Sən Azərbaycanda ya ağsan, ya qara.  Hətta boz belə deyilsən.  Yəni ya doğrusan, ya səhv. Ya dostsan, ya düşman.  Dualizm prinsipi çox zaman mənim üçün qəbul edilməz olsa da, ən azı Azərbaycandaki dualizm prinsipinin məntiqli olmasını istərdim. Amma təəssüf ki,  elə deyil. Ölkədəki  “yaxşı “ və “ pis” alayışı “bizim kimisən”, ya “fərqli”  prinsipi ilə ayrılır. Onlara oxşayırsansa, yaxşısan. Oxşamırsansa, pis. Ölkədə rüşvətxor, yalançı, yaltaqlara pis gözlə baxmırlar. Sırğalı oğlanlara, qısa ətəkli qızlara pis baxırlar.  Ətraf mühiti zibilliyən, maşını, avtobusu vəhşi kimi  sürüb, qəza törədib  kimsənin  ölümünə səbəb ola bilənlər pis deyil. Pis olan pirsinqli, tatulu fərqli saç düzümü ilə gəzənlərdir.  Bütün dualizm prinsipi əgər şər və xeyiri  qarşındakı  və ətrafındakına verdiyi xeyirə və ya ziyana görə müyyən edirsə, bizim xalq bu prinsipi “mənim kimi” ya “məndən fərqli” olaraq başa düşür.  Avropadan fərqli olaraq siz heç vaxt Azərbaycanda küçəyə zibil atana  tənbeh edən insan görməzsiniz. Amma şortiklı oğlana söz atan görmək asandı. Heç kəs ziyan verənin şər olmasını düşünmür. Fərqli olanın şər olmasını düşünür.

Ölkə o qədər ağ-qaradır ki, prezident seçkilərinə çıxan namizədlər də xeyir ilə şərin  yarışmasındadırlar. Xalq isə “kim daha yaxşı prezident olub ölkəyə sahib çıxacaq” və ya “kimin platforması daha yaxşıdır” düşünüb  debata qulaq asmır, onlar də şər və xeyrin mübarizəsinə baxır. Bu seçki də bir növ xeyir və şərin mübarizəsi kimi gəlir hamıya. Dualizmə qarşı olsam da, hətta mənim üçün də bu artıq xeyir və şərin mübarizəsidir.  Amma  fayda və ziyan verən prinsipi ilə ayrılmış xeyir və şər.  Mən xeyirə səs verəcəm.  Ümüd edirəm şər bu dəfə qalib gəlməz.  Rəngarənglik üçün ağın (xeyrin) qələbəsi mütləqdir. Çünkü yalnız ağ rəngin üzərində bütün rənglər canlanır. Bütün dahi əsərlər ağ rəngli kağızın, kətanın üzərində çəkilib. Qara rəng isə bütün rəngləri  özünə çəkər, yalnız qara rəngi  göstərər.

Nisə Hacıyeva
İstanbul Texniki Universiteti
Siyasi və Sosial Elmlər üzrə Namizəd Doktorant

Sosial Media da Paylaşaq