Virtual sosial şəbəkələr milli təhlükəsizliyimiz

Murad Nəsibbəyli (Mançester Universiteti)

XXI əsrin gətirdiyi yeniliklərdən biri də virtual sosial şəbəkələrdir. Bu yüzilliyin ilk illərindən başlayaraq dünyada geniş istifadə edilən Wordpress (2003), LinkedIn (2003), MySpace (2003), Flickr (2004), Facebook (2004), YouTube (2005), Twitter (2006) kimi virtual sosial şəbəkələr yaradıldı. Əsrin ilk on illiyinin sonlarında doğru isə ictimai-siyasi hadisələrə bu kimi virtual sosial şəbəkələrin təsiri açıq hiss edilməyə başlanıldı.

Misal üçün, 2009-cu ildə İran İslam Respublikasındakı prezident seçkilərindən əvvəl və sonra baş verən hadisələr zamanı, Çinin uyğurlar yaşayan Şərqi Türküstan ərazisində baş verən etnik qarşıdurma zamanı və ya Moldovada və digər post Sovet ölkələrində “narıncı inqilab”lar zamanı lazımi kütlənin cəlb edilməsi və informasiyanın dünyaya çatdırılmasında virtual sosial şəbəkələrin müstəsna rolu olmuşdur.

2011-ci ilin ilk günlərindən Yaxın və Orta Şərqdə baş verən inqilablar və davam etməkdə olan çıxışlar zamanı virtual sosial şəbəkələrin bu proseslərdə rolunun artması açıq hiss olunmaqdadır.

Baş verən bu hadisələrin fonunda Azərbaycanda virtual sosial şəbəkələrin “neqativ” təsirləri barəsində cəmiyyətin müxtəlif hissələrindən, rəsmi dairələr tərəfindən bəzən, yumşaq dil ilə desək, ən kəskin fikirlər səsləndirilməyə başlanıldı.

Virtual sosial şəbəkələrin öllkənin milli təhlükəsizliyinə zidd olması və xaricdən idarə olunması barədə bəyanatlar bildirildi. Bu bəyanatlar ölkənin ictimai-siyasi həyatında 7 Noyabr Parlament seçkilərindən bir müddət öncə başlayan fəallıq/canlanma ilə üst-üstə düşməkdədir. Həqiqətən, facebook və ya başqa virtual sosial şəbəkələr milli təhlükəsizliyə təhdidmidir?

Bu suala cavab vermək üçün virtual sosial şəbəkələrin cəmiyyətin həyatında tutduğu yeri təhlil etmək istərdim. Bunun üçün bu yazımda ilk öncə xalq hakimiyyətindən, ictimai fikrinin xalq hakimiyyətinin təmin olunmasındakı rolundan, daha sonra ictimai fikrin formalaşması üçün lazım olan platformların tarix boyu necə dəyişilməsindən və nəhayət, virtual sosial şəbəkələrin Azərbaycanda ictimai fikrin formalaşması üçün lazım olan platforma boşluğunu doldurmasından bəhs edəcəyəm.

Virtual sosial şəbəkələrin  cəmiyyətdə yeri demokratiya-xalq hakimiyyəti (bu iki ifadənin eyni anlam daşıyıb-daşımaması başqa asılı olmayaraq hər iki halda) və ya xalqın hakimiyyət üzərində nəzarəti anlayışları ilə sıx bağlıdır. Xalq hakimiyyəti və ya xalqın hakimiyyət üzərində nəzarəti müasir dövrdə insanların tapa bildiyi ən yaxşı üsul olan təmsilçilik üsulu (və eyni zamanda bu təmsilçilik üzərində də nəzarəti təmin edən) və hüquqda bəlirlənmiş müxtəlif nəzarət yolları olnan hüquq və azadlıqlar ilə həyata keçirilir. Təmsilçilər vətəndaşların səsləri vasitəsi ilə seçilir.

Vətəndaşların təqdim olunmuş namizədlər üzrə öz iradələri ilə səslərinin qeydiyyatı (səs verməsi), hətta bu tam şəffaf olsa belə, xalq hakimiyyətindən və ya hakimiyyət üzərində xalqın nəzarətindən tam xəbər vermir. Mühüm olan bu hakimiyyət üzərində ingilislərin “deliberation” dedikləri müzakirələrdir. Söhbət ictimai müzakirələrdən gedir. Xalqın iradsinin real gücə çevrilməsində mühüm olan ictimai fikrin formalaşması məzh bu ictimai müzakirələrdən keçir.

Daha sadə dillə desək, xalqın iradəsinin formalaşması və həyata keçməsi üçün yalnız şəffaf səs vermə deyil, həm də bu səs vermədən öncə ictimai müzakirələr rolu ilə ictimai fikrin formalaşması vacib şərtdir. İctimai fikir respublika idarə üslundan da əvvəl mövcud olmuşdur və monarxiya və digər idarə üsulları üzərində də təsirli olmuşdur. Yəni, idarə üsulundan asılı olmayaraq, xalqın iradəsi hər zaman təsirli olmuşdur, bir şərtlə ki, ictimai müzakirələr olsun və nəticədə ictimai fikir formalaşsın.

İctimai müzakirələr üçün isə azad platformlar lazımdır. Tarix boyu bu cür platformlar, insanların kütləvi toplaşdığı məkanlar – şairlər məclisi, mədrəsələr, meydanlar, bazarlar, məclislər, hamamlar, çayxana və ya meyxanələr, və hətta “tin”lər olmuşdur.

Zaman keçdikcə millətlər inkişaf etmiş və ictimai müzakirələrin platformaları dəyişmiş, media formalaşmış və ictimai müzakirələr mediada aparılmışdır. Əlbəttə ki, köhnə platformalar bəzi ölkələrdə hələ də müəyyən qədər yerini qorumaqdadır.

Təəssüf ki, dünyada bu ictimai müzakirə platformalarının  dəyişikliyi baş verdiyi dövrdə Azərbaycan Sovet işğalına məruz qalmışdır. SSRİ bir totalitar (tək ağıla/ideologiyaya əsaslanan, plüralizmin/çox fikirliliyin mövcud olmadığı vəziyyət) dövlət olduğu üçün bu cür ictimai müzakirələr mediaya daşınmamış və köhnə platformalar da qalmışdır.

Məhz bu səbəbdəndir ki, bəzən hamımız siyasi-ictimai məsələlərin xeyir və şər məclislərində, bazarlarda, çayxanalarda və sairə bu kimi yerlərdə müzakirə edilməsindən şikayətlənirik. Səbəb sadədir. Cəmiyyət ictimai müzakirə olmadan yaşaya bilməz. Biz bunu müasir millətlər kimi mediada etmək imkanı yoxdursa, köhnə platformalarda edəcəkdir. Bu qaçınılmazdır. Cəmiyyətin qanunudur.

Bu müzakirələrin açıq və geniş xalq kütlələrinə çatacaq platformalarda edilmədiyi halda ölkədə açıq ictimai fikir və qapalı ictimai fikir kimi iki bir-birinə tam əks olan iki fikir yaranır. Bu iki fikirin ikincisi, yəni qapalı ictimai fikir daha real, birincisi isə aldadıcı olur.  Lakin hər ikisi bir-birinin formalaşmasına qarşılıqlı şəkildə təsir edirlər. İki fikir arasındakı bu cür uçurum ya qapalı fikrin tədricən transformasiyası yolu ilə aradan qaldırılır (bizlə oxşar vəziyyətdə olan Şərqi Avropa xalqlarının buna müəyyən qədər nail olduqlarını demək olar), ya da qapalı ictima fikrin birdən-birə açıq ictimai fikrə çevrilməsi ilə partlayışa səbəb olur. Bu isə çox zaman inqilab və ya çevriliş müddətində deyilir.

Hal-hazırda facebook və digər virtual sosial şəbəkələr ictimai fikri formalaşdıran ictimai müzakirələr üçün platforma rolunu oynayır. Beləliklə də, xalqın hakimiyyət üzərində nəzarətinin həyata keçirilməsində mühüm rol qazanmaqdadır. İctimai müzakirələrin mediada aparıldığı inkişaf etmiş ölkələrdə bu kimi virtual sosial şəbəkələrin rolu geridə qalmış ölkələrdən daha azdır. Məhz bu səbəbdəndir ki, facebook və sair virtual sosial şəbəkələrdə azərbaycanlıların fəaliyyətinin yüksək dərəcədə siyasiləşməsini, digər cəmiyyətlərlə  müqayisədə insanların bu şəbəkələrdə daha çox vaxt keçirməsini və, ən əsası da, fərdlərin və ya qrupların virtual sosial şəbəkələrdə paylaşdıqlarından asılı olaraq onlarla “müvafiq” davranılması müşahidə olunur.

Xarici dövlətlərin xüsusi xidmət orqanlarının boynuna nə isə atmaq çox sadə işdir və hər kəsdə şübhə yaradacaq bir yoldur. Vətəndaşlarda hər zaman şübhə yaratmaq SSRİ-də hakimiyyəti əldə saxlamaq üçün psixoloji hərəkat və ya propaganda vasitəsidir.

Üç nəfər siyasi-ictimai məsələlər barədə söhbət etdiyi zaman hər biri aralarından birinin agent olduğunu düşünürdü.  Yəqin, müəllimlərindən bu sözləri  eşidən az olmayıb: “Siz harada nə etsəniz, bizim sizdən xəbərimiz olur”. Bununla yanaşı, hətta xarici dövlətlərin xüsusi xidmət orqanı facebook və digər virtual sosial şəbəkələr vasitəsi ilə ölkədə qarşıdurma və sair hansısa belə bir məqsəd üçün insanları mobilizasiya etməyə çalışsa belə, ölkədə bu mobilizasiya üçün sosial, iqtisadi şərtlər olmadığı halda bu uğursuzluqla nəticələnər. Odur ki, bu cür halların qarşısını almaq üçün doğru olan ittiham etmək deyil, bu cür qarşıdurmaları/çıxışları yaradan sosial/iqtisadi şərtləri aradan qaldırmaqdır.

Əlavə olaraq, facebook və ya digər virtual sosial şəbəkələrdə mənfi qüvvələrdən gələ biləcək təhlükə əvvəllər də köhnə platformalarda da mövcud olmuşdur. Necə ki, facebook-da birisi hansisa bir informasiyanı yaymaqla təxribat yaratmağa çalışırsa, eyni hal yuxarıda adını sadaladığım köhnə platformalarda da mövcud idi. Lakin tarixdə bazar meydanlarının dövlətin təhlükəsizliyinə təhdid olduğu qərarına gəlinmədiyi bilinməkdədir.

Buradan belə nəticəyə gəlmək olar ki, facebook və digər virtual sosial şəbəkələr ölkənin milli təhlükəsizliyinə təhdid deyil, tam əksi daha demokratik dövlət və ya xalqın hakimiyyət üzərində daha böyük təsir gücünə sahib ola bilməsi üçün yararlı bir platformadır. Bununla yanaşı, hakimiyyət üçün də bu platformada formalaşan fikirlər yeni islahatlar üçün motivasiya və ya ideya mənbəyi ola bilər. İctimai müzakirələrin daha azad və geniş şəkildə aparılması hakimiyyətin daha uğurlu idarəçiliyi üçün faydalı olar.

Murad Nəsibbəyli (Mançester Universiteti)