10 Mart – Gənclər “Milli” sözünü bərpa edirlər

Xəyyam Namazov

Hazırkı “qeyri-Milli”lərimiz

Hamımız yəqin görürük ki, əgər kimsə hakimiyyətə qarşı çıxır, insan hüquqları, demokratiya kimi tələblər irəli sürürsə bir mənalı olaraq “qeyri-milli” olaraq damğalanır, ləkələnir. Bunun nəticəsi olaraq ölkədəki müxalif qrupların – müxalifət partiyalarından tutmuş, müxalif hərəkatlar, qeyri hökumət təşkilatları, azad yazarlar, jurnalistlər və media qrumları – hamısı bir mənalı olaraq “qeyi-milli” adlandırılır. Və maraqlısı budur ki, bu “qeyri-milli” anlayışı dövlət səviyyəsində istifadə və təbliğ edilir.

Bununla yanaşı bu cür “qeyri-milli” olan dəstəyə aid olanların ən əsas xüsusiyyətindən biri də müəyyən mənalarda liberal, demokrat, sülh və insan hüquqları tərəfində olmaq və bu ideologiyalara inanmaqdır. Buna qarşı olaraq “Milli” olanlar isə ideoloji mənada konservativ, patriot, millətçi (əsasən etnik mənada) xüsusiyyətləri özündə daşıyırlar.

Milli Qeyri-mili qütbləşməsi

Jahangir Yusif “Əsgər Ölümlərinə Son”

Yəqin hiss etmisiniz ki, necə ki hökuməti dəstəkləyən adamlar müxaliflərə anti-milli deyirsə, bununla yanaşı müxalif qruplarda “milli” sözünə qarşı bir antipatiya, qıcıqlıq yaranıb. Bir çox müxalif qruplar, xüsusilə müxalif qələm sahibləri “milli” sözünü bir çox yerlərdə “psevdo”, “saxta” sözləri ilə eyniləşdirirlər, təbii ki sosial siyasi hadisələrin işığında. Psevdo-milliyətçilik, psevdo-patriotizm kimi söz birləşmələrindən çox istifadə edilməsinin səbəblərindən biridir bu baxış həm də.

Bu müxalif qrupun arqumenti isə çox açıqdır. Əgər özünə milli deyən birisi millətinin başına gətirilənlərə – insan hüquqları pozuntuları, hakimiyyətin anti-demokratik davranışları və s – susursa onun milliliyi saxtadır, o psevdo-millətçidir.

Və bu dərin uçurumun ən əsas səbəbi təbii ki də siyasi sistemimizin təbiəti və propoqanda üsullarıdır. Hökumətin “milli” və “qeyri-milli” anlayışlarını öz təbiətinə uyğun formalaşdırma cəhdindən yaranır bu uçurum.

Yeni “milli” konsepsiyası yaranır

Əsgər ölümləri ilə əlaqədar olaraq 2013-cü il – 12 Yanvar və 10 Mart mitinqləri ölkədə yeni bir cərəyan yaratdı. Yeni gənclik qruplarının ortaya çıxışı ilə yanaşı həm də “milli” sözü də özlüyündə məna dəyişdirməyə başladı. Ən azından bunun əsası qoyuldu.

Əgər əvvəllər “milli” olanlar SUSANLAR idisə, artıq məsələ dəyişdi. Bu susanların içərisindən də ayağa qalxan və hakimiyyətə qarşı tələb irəli sürən kifayət qədər gənc ortaya çıxdı. Bu yeni ortaya çıxan gənclik qətiyyən liberal gənclik deyil, hətta müəyyən qədər konservativ gənclikdir. Elə “milli” sözünə yeni mənalar qatılmasının səbəbi də budur.

Bu bir başlanğıcdır, dəyərləndirək

Əgər əvvələr “milli”lər konservativ, millətçi və susanlar idilərsə, artıq yeni aktiv olan gənclik göstərdi ki, siyasi mənada həm konservativ, həm də millətçi olmaqla SUSMAMAQ olar. Və bu Milli konsepsiyasının dəyişməsi üçün bir başlanğıcdır.

Əgər bu düzgün yönləndirilərsə artıq milli sözünü hakimiyyətin “propoganda monopolyasından” alıb ona əsl mənasını vermək olar.

Milli olanlar – SUSMAYANLAR (konservativ və liberal olmasından asılı olmayaraq)

Qeyri-Millilər – SUSANLAR. (konservativ və liberal olmasından asılı olmayaraq)

Bu məsələni dəyərləndirək lütfən.