Nəyə görə biz səs verməliyik?

Rza Kazımov

Artıq 22 ildir ki Azərbaycan müstəqil dövlətdir. Əfsuslar olsun ki, bu illər ərzində biz bir fundamental suala doğru dürüst cavab tapa bilməmişik:

Nəyə görə biz səs verməliyik?

Qarşıdakı aylarda silsiləli yazılar vasitəsi ilə və ən əsasda sizinlə birlikdə bu suala cavab verməyə çalışacağıq.

Seçkilərdə iştirak ilə bağlı hadisəni örgənən başlıca elmin adı ingilis dilində “Public Choice” yəni İctimai Seçim olaraq gedir. Əgər dərindən maraqlanmaq istəsəz o zaman Dennis Mueller, Public Choice III kitabına müraciət edə bilərsəz. Kitabı əldə etmək istəsəz şərhlər bölməsində öz e-mail ünvanınızı yazarsız və çalışacam ki PDF formatını bölüşəm. Təəssüflər olsun ki, bu fənn Azərbaycan Universitetlərində keçirilmir və yəqin ki yaxın gələcəkdə də keçirilməyəcək. Halbuki, siyasi elmləri İctimai Seçim fənni olmadan təsəvvür etmək mümkün deyil. Fənnin digər versiyası Beynəlxalq Siyasi İqtisadiyyat olaraq da adlandırılır (International Political Economy).

Öncədən deyim ki, bacardığım qədər sadə formatda yazmağa çalışacam və verdiyim nisbətən mürəkkəb fikirləri səhifənin aşağısında, haşiyədə yazacam. Bu suala bir neçə məqalədə cavab verəcəyik.

Suala ilk cavabı iqtisadiyyat elmi verir. İqtisadiyyat elminin ən geniş qəbul edilən təməl prinsiplərindən biri Rational Choice Theory  və ya “Səmərəli Seçim Nəzəriyyəsidir” [i]. Bu nəzəriyyə digər sosial elmlərin də təməl prinsipini təşkil edir. Nəzəriyyənin məqsəd insanın seçim qarşısında qalanda necə davranacağını hesablamaqdır. Səmərəli seçim nəzəriyyəsi iddia edir ki, insan əgər öz xeyrinə uyğun, optimal qərarı verirsə demək o rasionaldir və ya başqa sözlə desək onun qərarı özü üçün səmərəlidir. Nəzəriyyənin sahibləndiyi digər ideya isə insanın təbiətdən eqoist – selfish, xüdbin olmasıdır. Düzdü müasir dövrdə fərqli fikirlər də səslənir, yəni insanın sosial təkamüldən keçərək daha çox alturist olması və başqalarının da vəziyyətini düşünməsi kimi fikirləri misal vermək olar. Bu ideyanın əsas dəstəkləyicisi isə Yale Universitetinin Professoru John Roemerdir. Ancaq biz sualımızdan yayınmayaq, şərhlərdə müzakirə edərik.

Demək biz artıq səmərəli seçim nəzəriyyəsinin təməl prinsiplərini bilirik. Indi isə bir az çox sadə riyazi funksiyaya müraciət edək. Bu funksiya bizim “nəyə görə biz səs verməliyik” sualına qismən cavab verir.

U = p*B + D – C

Bu funksiya Riker və Ordeshook tərəfindən 1968-ci ildə irəli sürülüb[ii].

Usimvolu funksiyada ingilis dilində olan Utility sözünün baş hərfidir. Utility dilimizə fayda, xeyir, sərfə, üstünlük kimi tərcümə edilir. Biz isə Fayda ifadəsini istifadə edə bilərik. Yəni biz bu funksiya vasitəsi ilə seçkiyə getməyimizin özümüzə olacaq Faydasını nəzəri olaraq hesablamağa çalışacağıq.  

p – isə ingilis dilində probability – yeni ehtimal anlamını verir. Burda simvolla məqsəd bir seçicinin səsinin nə qədər qərarverici olacağı ehtimalını göstərməkdir. Fərz edin ki, Azərbaycanda 4.000.000 səs vermə hüququna sahib insan var və SƏNDƏ onlardan birisən. Demək SƏNİN səsinin qərarverici qüvvəyə malik olma ehtimalı 4.000.000 birdir. Bir seçicinin səsinin qərarverici olma ehtimalı məsələsinə yenidən qayıdacağıq ancaq bu açıqlama sizi pessimizə salmasın[iii] J.

B – isə səs verdiyiniz təqdirdə sizin əldə edəcəyiniz mənfəətdir. Fərz edin ki siz hər hansısa bir prezidentliyə namizəd olan şəxsə səs verirsiniz və həmin adam hakimiyyətə gəlir və sizin gözləntiləri doğruldur. Yekun olaraq sizin səs verdiyiniz Namizədin qalib gəlməsi mənasını verir.

D – ingilis dilində civic duty – vətəndaş borcu və ya seçicinin səs vermə prosesinə öz vətəndaş borcu kimi baxmasıdır. Nəticədən asılı olmayaraq vətəndaş səs verir və bundan dolayı zövq alır, prosesin özündə iştirakdan dolayı nəticədən asılı olmayaraq zövq alır.

C – isə cost – yəni seçkilərdə iştirak etməklə vətəndaşın nə sərf etdiyini göstərir. Seçkidə iştirakın dəyəri kimi də demək olar. Fərz edin ki, seçki günü bazar gününə düşür və siz evdə oturub dincəlmək istəyirsiz. Və əgər siz seçkilərdə iştirak edəcəyinizə qərar verirsinizsə o zaman bazar gününüzü qurban vermiş olursuz. Çox məsələləri “seçkidə iştirakın dəyərinə” aid etmək olar. Əgər siz namizədlər haqqında məlumat toplamaq istəyirsinizsə bunun üçün vaxt sərf edirsiniz və sizin axtarışlara sərf etdiyiniz zaman da “seçkidə iştirakın dəyərinə” aiddir.

Yekun olaraq funksiyanı açaq:

Seçkidə iştirak etməyin FAYDASI = səsinizin qərarverici olacağı EHTİMALI * sizin Namizədinizin qalib gəlməsi + nəticədən asılı olmyaraq seçkidə iştirakın verdiyi MÜSBƏT HİSSLƏR Seçkidə İştirakın DƏYƏRİ

Bununla da biz, niyə insanlar seçkilərdə iştirak edir sualına cavab verən ən fundamental funksiyanı örgənmiş olduq. Əgər sizin C – Seçkidə İştirakın Dəyəri digər paramaterlərdən böyükdürsə, nəticədə sizin seçkilərdə iştirakdan dolayı mənfi FAYDANIZ olacaq. Yəni seçkilərə getməyəcəksiz. Yox əgər C – Seçkidə İştirakın Dəyəri  çox azdırsa, və yekun nəticə FAYDA müsbətdirsə, o zaman seçkilərdə iştirak edəcəksiniz.

Bu yazının əsas məqsədi bacardığım qədər sadə yolla nəyə görə seçkilərə getməliyik sualına Rational Choice Theory – Səmərəli Seçim Nəzəriyyəsi vasitəsi ilə cavab vermək idi. Anlaşılmayan məqamları sual verməkdən çəkinməyin. Növbəti yazılarda seçicilərin növləri haqqında danışacağıq və məsələlər daha da anlaşılan olacaq. Əfsuslar olsun ki, bu termin və ifadələrin əksəriyyəti çoxlarınız üçün yenidir. Ancaq bizim sual hələ də açıq olaraq qalır. Yaxın gələcəkdə əksər fundamental anlayışları örgənərək sualımıza cavab verəcəyik.

Son olaraq bir təklifim var. Əldə etdiyiniz bilikləri yaxın çevrəniz ilə bölüşün, SEÇKİ nədir və nəyə görə Seçkiyə getməliyik mövzusu haqqında evdə ailəniz ilə, məktəbdə, universitetdə dostlarınız ilə müzakirə edin. “Əşi hər şey onsuzda həll olunub da” tipli şərhləri səsləndirən insanlara isə başa salmağa çalışın ki, elə məhz onlar bu cür düşündüyü üçün “hər şey artıq onların əvəzinə həll olunub”.

Uğurlar.


[i] Rational Choice Theory – səmərəli, məqsədyönlü seçim deməkdir. İnsanın sosial və iqtisadi həyatda davranışını izah etmək üçün irəli sürülən nəzəriyyədir. Nəzəriyyənin mərkəzində insan durur və insan hər zaman öz xeyrinə ünvanlanmış qərarlar qəbul edir. Nəzəriyyənin əsasında isə “insan daimə öz xeyrini çoxaldır və xərclərini azaldır” iddiası durur.

[ii] William H. Riker and Peter C. Ordeshook. A Theory of the Calculus of Voting. American Political Science Review, V. 62:25–42, 1968.

[iii] Bir çox iqtisadçılar məhz buna görə Seçkilərdə İştiraka skeptik yanaşırlar. Seçkilərdə nə qədər çox insan iştirak edirsə o qədər də bir insanın səsinin qərarverici olması ehtimalı azalır. Qərarverici seçici anlayışı daha çox Median Voter Theorem – Median Seçici Nəzəriyyəsi tərəfindən izah edilir.

mm

Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.