Ədəbiyyatımız və milli mənsubiyyət anlayışı

Elnur İmanbəyli (Azərbaycan Diplomatiya Akademiyası  / ADA)

Yaşı minillərlə ölçülən, mədəni irsimizin ayrılmaz hissəsi olan, dünyanın mədəniyyət gülşənində hər zaman solmaz çiçəklərinin ətri duyulan Azərbaycan ədəbiyyatı qədim, zəngin və çoxşaxəlidir. Ədəbiyyatımız müxtəlif tarixi mərhələlər keçmiş, müxtəlif dövrlərdə yenilənmiş, təzələnmiş, umumi ədəbi cərəyanların təsirinə məruz qalmış, intibah və geriləmə dövrləri yaşamış, bir çox tarixi proseslərin predmeti olmuşdur. Müxtəlif dövrlərdə baş verən bu hadisələr isə aparılan araşdırmalar və tədqiqatlar nəticəsində bu gün də öyrənilir.

Zəngin ədəbiyyatımız hər nə qədər çox təhlil olunubsa da, bu gün yenə də hələ araşdırılmamış məsələlər öz movcudluğunu qoruyur. Elə, zəngin ədəbiyyat anlayışı özü də, təhlilin və araşdırmaların çox və intensiv olmasını tələb edir. Hələ araşdırılmamış məsələlər özü ilə ziddiyyətlər doğurduğundan Azərbaycan ədəbiyyatının və ya ədəbiyyatşünaslığının müxtəlif sahələrinə birmənalı yanaşmaq olmur. Ədəbiyyatımızdakı ziddiyyətli məqamlara bu aspektdən baxdıqda ədəbi tənqidin əhəmiyyəti artır.

Bu gün ədəbiyyatımızdakı ziddiyyətli məqamlardan biri də “milli ədəbiyyat” anlayışıdır. Tarixin demək olar ki, hər bir dövründə müxtəlif millətlərin və mədəniyyətlərin təsirinə məruz qalan Azərbaycan mədəniyyəti öz milli kimliyini nə dərəcədə qoruyur? “Milli ədəbiyyat” deyəndə hansı ədəbiyyatı nəzərdə tuturuq-Azərbaycanlılar tərəfindən yazılan yoxsa Azərbaycan dilində yazılan əsərlərimi? Bu tipli suallara cavabı isə əlbətdə böyük araşdırmalara ehtiyac duyur. Dərin mütaliə və təhlillər hesbına formalaşa biləcək bu cavabı tapmaq üçün isə əvvəlcə öz milli kimliyimizi araşdırmalı, millət və xalq anlayışlarına aydınlıq gətirməliyik.

“Azerbaijan İnternational” jurnalının baş redaktoru Betty Blair yazır: “Mübahisə edə bilərdim ki, əgər bir ölkənin ədəbiyyatını bilirsənsə, deməli o ölkənin məişət həyatı, təcrübələri, inancları və dünyagörüşü, dünyaya baxışı haqda daha çox bilirsən”. (“Azerbaijan İnternational” jurnalı,2004-cü il,12-ci buraxılış,səh-12). Deməli bu fikirdən belə bir qənaətə gələrək deyə bilərik ki, hər bir ölkənin milli dəyərləri və həyatı həmin ölkənin ədəbiyyatı ilə vəhdət təşkil edir.

Əslən Cənubi Azərbaycandan olan ədəbiyyatçı Güntəkin Gəncalp daha da irəli gedərək, ədəbiyyatı bir başa millətin təməl daşı, formalaşmasının əsası hesab edir: “Millət olmağın əsasını ədəbiyyat təşkil edir”. Bu fikirlərlə razılaşmaq oxucunun öz yanaşmasından asılı olaraq dəyişə bilər. Mənim yanaşmamda isə hər iki fikir öz-özlüyündə maraqlı və tutarlıdır. Bunu daha yaxşı anlamaq, dərk etmək üçün ilk növbədə millət anlayışını təhlil edək. Millət anlayışının təhlilinə isə Azərbaycançılıq anlayışının təhlili ilə başlamaq istəyirəm.

Azərbaycançılıq anlayışını üç nöqteyi-nəzərdən təhlil etmək lazımdır: tarixi, siyasi və ədəbi. İlk növbədə tarixi nöqteyi nəzərdən bu fikri izah edək. “Azərbaycançılıq” fikri nəyi aşılayır və bu düşüncə necə yarandı? Müasir dövrdə, əksər qəzetlərdə bunu ilk dəfə Sovet İmperiyasının ölkə daxilində daha çox milli münaqişə yaratmamaq və SSRİ-in varlığına təhlükə törətməmək məqsədilə Stalin tərəfindən ortaya atılmış bir ideya kimi təqdim etsələrdə bununla ilk baxışdan razılaşmaq çətindir. Çünki tarixi mənbələr bunun heç də Stalin tərəfindən yox, “Kəşkül” qəzeti tərəfindən irəli sürüldüyünü üzə çıxardır.1883-cü ildə fəaliyyətə başlayan bu qəzet Azərbaycan tarixində ilk dəfə “azərbaycanlı” ifadəsini işlədərək, əslində bu ideologiyanın (və ya psixoloji cərəyanın) əsasını qoymuşdur. Sonrakı dövrlərdə isə müxtəlif əsərlərdə bu ideya təbliğ olunmuş, cəmiyyətin sosial həyatında öz yerini tapmış və ədəbiyyatımızda əks edilmişdir. Bu ideyanın əks olunduğu əsərlər sırasında biz Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərini misal göstərə bilərik. Hətta bəzi ədəbiyyatşünasların fikrinə və orta məktəb dərsliklərində (Ədəbiyyat Müntəxabatı-10-cu sinif,2001,səh-183) yazılanlara əsasən bu adı çəkilən mövzuya həsr olunmuş elə ilk əsərdir.

Əsəri oxuduqca bu ideyanın əsas qayəsi ortaya çıxır. Əsərdə yazıçı əslində rus, fars və türk milli adətlərinin, dəyərlərinin öz milli dəyərlərimizdən üstün tutulmasını kəskin tənqid edir və sonda bunu türkpərəst Səməd Vahidin, farspərəts Mirzə Məmmədəlinin, ruspərəst Rüstəmbəyin və əsərdə bacı obrazı olan-Gülbaharın anasının etirazı ilə bildirir. Ana etirazı əslində burda yalnız bir ananın yox, bütöv Azərbaycanın-ana Vətənin etirazı kimi xarakterizə edilməlidir. Dahi yazıçı digər bir əsərində- “Azərbaycan” məqaləsində də bu məsələni diqqətdən kənar qoymur:

–          Mənim anam kimdir? Öz-özümə də cavab verirəm ki:

–          Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.

–          Dilim nə dildi?

–          Azərbaycan dili!

–          Yəni Vətənim haradır?

–          Azərbaycan vilayətidir.

–          Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir.

Bu əsərdə türk dili anlayışı ilə yanaşı Azərbaycan dili ifadəsinin işlədilməsi də əslində ölkəmizdə umumi bir ideologiyanın formalaşmasına xidmət kimi yozula bilər. Azərbaycan ədəbiyyatında müxtəlif dövrlərdə bu ideyaya toxunan ədiblərə rast gəlmək olar, məsələn Abdulla Şaiqin “Hamımız bir günəşin zərrəsiyik” kəlamı şairin bu məsələyə dəstəyinin bariz göstəricisidir. Yaxud, Sovet ədəbiyyatı dövründə dahi Səməd Vurğunun əksər əsərlərində vahid azərbaycançılıq ideyasını görmək mümkündür:

Nədən şeirimizin baş qəhrəmanı. Gah İrandan gəlir, gah da Turandan?! Sosialist realizminin nümayəndəsi saya bilməsəkdə  ötən əsrdə ədəbiyyatımızı öz ölməz əsərləri ilə zənginləşdirən, dahi şair, böyük insan, vətənpərvər vətəndaş Xəlil Rzanın əsərlərindədə belə həmrəyliyin yaranmasına rəğbəti hiss etmək çətin deyil:

Lahıc da, ləzgi də, tat da, talış da,

Kürd, udin, rutul da var-dövlətimdir.

Azərbaycanımın qucaqladığı,

Bağrına basdığı can sərvətimdir.

Fəxrim, qol-qanadım, şan-şöhrətimdir!

Azərbaycan maraqlarına xidmət məqsədi daşıdığını demək olmazdı. Çünki o dövrdə bu sözün işlədilməsi kortəbii bir ifadə tərzi idi, xalqın birləşməsinə və həmrəyliyinə yönəlik siyasi addım deyildi. Amma yenə də, bunun da bu prinsipin inkişafına müəyyən təsirləri olmuşdur, bunu danmaq olmaz.

Umumiyyətlə danılmaz bir fakt budur ki, hər bir işğal və istila müddəti də ölkənin inkişafında müəyyən rol oynaya bilər. Məsələn, ərəblərin Azərbaycanı işğal etməsi. Bu Azərbaycan tarix kitablarında da etiraf olunur, hər nə qədər işğal faktoru pislənsədə, onun səbəb olduğu nəticənin-Azərbaycan əhalisinin İslamı qəbul etməsinin sonrakı  dövrlərdə necə vacib rol aldığını qey edirlər.

Müstəqilliyimizin ilk illərində Türkçülük prinsipi daha önə çıxsa da, sonrakı illərdə “Azərbaycançılıq” ideyası yenə də öz layiq olduğu yeri tapdı. Dahi siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra millətlər arası tolerantlıq yaratmaq, qloballaşan dünyada öz mənliyimizlə çıxış etmək məqsədi ilə bu ideyanı yenidən gündəmə gətirdi, elə bir dövrdəki Azərbaycanda millətlərarası ixtilaflar yaranmağa, yeni münaqişə ocaqları əmələ gəlməyə başlayırdı. Elə mövzunun  axarına uyğun olaraq, tarixi təhlili yekunlaşdırıb, siyasi təhlilə keçmək məqsədəuyğun olardı.

Heydər Əliyevin atdığı addımı nəzər yetirməklə biz bu siyasi addımı daha yaxşı təhlil edə bilərik.  O çıxışlarının birində deyir

«Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib»

Məna və mahiyyət kifayət qədər aydındır. Onun atdığı bu dahiyanə addım hər hansı başqa bir məqsəd üçün yox, siyasi birlik yaratmaq yönündə atılmışdı və bu ölkəmizdə ən böyük etnik qüvvə olan Azərbaycan Türklərinin digər etnik qruplara olan mehriban münasibətini göstərməklə yanaşı, Azərbaycanın və onun millətindən asılı olmayaraq azərbaycanlı adlandıra biləcəyimiz vətəndaşlarının dünyada radikal millətçilik, pafos bəlağətdən uzaq olaraq, liberal düşüncələrə, sülhə tərəfdar olduğunu nümayiş etdirir.

Onun digər bir tarixi bəyanatı da sözün əsl mənasında diqqətəlayiqdir. Tədbirlərin birində Heydər Əliyev sonralar aforizmə çevrilən fikrini deyir:

”Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”

Bu fikirlə əslində o, artıq milli ideologiyaya və ya milli təfəkkürə çevrilməkdə olan bu prosesin kulimnasiya nöqtəsini bəyan və elan edir.

Gəlin bu məsələyə analitik cəhətdən yanaşaq. Umummilli lider olan Heydər Əliyev milliyətcə Azəri Türküdür. Amma o bəyənatda yalnız Azəri Türkü olması ilə fəxr etdiyini demir, o öz etnik mənsubiyyətindən savayı, bu gün mövcud olan milli mənsubiyyətini qabardaraq “mən azərbaycanlıyam” deyir.  Bu faktın özü belə Azərbaycanda yaşayan digər milli azlıqların bu prosesi daha rahat şəkildə qəbul etməsi və xalqımızın vahid  bir ad altında birləşməsi yönündə çox əhəmiyyətli bir faktor və stimuldur.

Bəzi insanların bu proses “Türkçülüyü təhdid edir” kimi narahatlıqlarını demokratik dəyərlərə sayğı naminə normal qarşılamaq lazımdır. Amma bir şeyi də unutmaq olmaz ki, Azərbançılıq prinsipi türkçülüyü danmır və ya ondan imtina etmir, əksinə digər millətlərin nümayəndlər və mədəniyyətləri ilə birgə daha güclü və qüvvətli Azərbaycanı hədəfləyir.

Bu ideologiyaya ədəbi cəhətdən də yanaşmaq lazımdır. Daha doğrusu bu ideyanın nəzərində Azərbaycan ədəbiyyatını gözdən keçirməklə yazının əvvəlində meydana gələn suallara aydınlıq gətirmək mümkündür.

Azərbaycan ədəbiyyatı çox uzun bir tarixi dövr keçib. Bu tarixi dövr ərzində ədəbiyyat dolayısıyla (bəlkə də birbaşa) tarixin təzadlı axınında öz yolunu tapmağa çalışıb və bu yollarda əlbətdəki tarixi maneələrlə rastlaşıb. Müxtəlif dövrlərdə ədəbiyyatımız müxtəlif istiqamətlər alıb, müxtəlif dillərdə yaranıb -fars, ərəb, türk, rus, Azərbaycan dilində və s.

Böyük şairlərimizin etnik mənşələri belə ziddiyyətlər doğurub, müxtəlif millətlər onlara sahib çıxmağa, özlərinkiləşdirməyə çalışıblar. Məsələn, elə dahi Nizaminin etnik mənşəyi dünya reallıqlarında heç də birmənalı qarşılanmır. Onu Azərbaycanlı (Azərbaycan Türkü) və ya fars adlandıranlar olur.

Başqa bir məsələyə nəzər yetirək. Son dövrlərdə Mirzə Fətəli Axundovun belə fars mənşəli olması ilə bağlı mülahizələr meydana çıxır (hər nə qədər doğru olduğu isə müəyyən olmasa da). Bütün bu ziddiyyətli məqamların müqabilində belə bir sual ortaya çıxır: Əgər Mirzə Fətəli Axundovun etnik mənşəyinin fars olduğu sübuta yetirilərsə biz onun əsərlərindən və onun ədəbiyyatımızdakı yerindən imtina mı etməliyik?

Sual olduqca çətin və özlüyündə mürəkkəbdir. Fars dilində çox az sayda əsəri olan, Azərbaycan xalqının tərkib hissəsi, nümayəndisi olmuş  bir insandan yalnız etnik mənsubiyyətinə və ya tarixi qaynaqlarda ulu babasının hardan gəldiyinə görə imtina etməlyikmi və ya edə bilərik mi? Mənim nəzərimdə cavab bəsitdi: Edə bilmərik, etməməliyik, buna mənəvi haqqımız çatmır!

Nizami də eləcə. Azərbaycan xalqının tərkib hissəsi olan, tarixi qaynaqlarda ömrününün tamamı Gəncədə keçirdiyinə dair tarixi faktlar olan, sadəcə dövrün yazı dili olan fars dilində yazıb deyə imtina edə bilmərik. Əks halda bu bizim məğlubiyyətimiz və tarixi mübarizlik ənənəmizə xəyanət olardı.

Yenə əvvəlki yanaşmaya geri dönək-Azərbaycançılıq-Azərbaycan xalqının hər bir nümayəndisini (milliyətindən, dinindən, irqindən, etnik mənsubiyyətindən, siyasi görüşündən asılı olmayaraq) birləşdirən tək dəyər! Deməli əgər biz Azərbaycançılıq prinsipini təkcə psixoloji və ideoloji cərəyan kimi yox, bir strategiya kimi görməliyik. Bu strategiya bizə bütün tarixi, mədəni, ədəbi irsimizi qorumaq, onları özümüzünki hesab eləməyə şərait yaradır, imkan verir. Amma bunun üçün ilk növbətə bu prosesi tam qəbul etməli və dünyaya bunu tam şək ildə bəyan etməliyik.

Bütün bu sadaladağım fikirlərin nəzdində belə bir qənaətə gəlirəm ki, mən (oxucularım fikrimlə razılaşmaya bilər deyə yalnız öz qənaətimi yazıram) Azərbaycan xalqının bir hissəsi olduğum üçün milliyətim Azərbaycanlıdı və mənim xalqımın, millətimin ədəbiyyatı Azərbaycan xalqının milliyətindən və hansı dildə yazdığından asılı olmayaraq hər bir üzvünün yazıb-yaratdığı əsərlər toplusudur. Mənim nəzərimdə Azərbaycanlı bir rusun, yəhudinin və ya digər bir millətin nümayəndəsinin öz dilində yazdığı əsər də Azərbaycan ədəbiyyatının tərkib hissəsidir, amma Moskovalı bir rusun və ya başqa millətin Azərbaycan dilində yazdığı əsər yox!

Bütün bu fikirlərin yekunu kimi yenə də yazının lap ilk səhifələrində gətirdiyimiz bir stata qayıda bilərik. Güntəkin Gəncalp yazır: Millət olmağın əsasını ədəbiyyat təşkil edir. Bu fikrə indi daha aydın baxışlarla yanaşa bilərik, çünki sadaladığımız faktorlardan belə qənaətə gəlmək olar ki, ədəbiyyat baş verən istənilən bir tarixi və siyasi hadisənin ayrılmaz bir hissəsidir. Ən azından baş verənlərə münasibətdir, əks olunduğu tarixdir, tarixin elə özüdür.

Xalqımızın zəngin tarixini, mədəniyyətini, dünəni özündə əks etdirən və parlaq sabaha ümid doğuran Azərbaycan milli ədəbiyyatı hər zaman öz aktuallığını qoruyur. Elə bu səbəbdən olsa gərək, il-bə-il ona müraciət edənlərin sayı artır, yanaşmalar, münasibətlər müsbətə doğru dəyişir. Ədəbiyyat xalqın dili, xalqın sözü, xalqın ucalığıyla daha da uca görsənən kölgəsidir və dolayısıyla onu xalqdan və milli dəyərlərdən ayrı düşünmək mümkünsüzdür.

İstinad:

1)http://presspost.az/2012/07/30/millət-olmagin-əsasini-ədəbiyyat-təskil-edir/
2) http://azer.org/aiweb/categories/magazine/ai121_folder/121_articles/121_index.html

mm
Hər yayımda təqdim olunan mövzu başlıqlarında müəllifi olduğunuz və ya tərcümə etdiyiniz məqalələri bizim veb-səhifəmizdə yayımlıya bilərsiniz.
Sosial Media da Paylaşaq